YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Respublika Günü Kanadada qeyd olunub

Kanadanın paytaxtı Ottavadakı “Fairmont” mehmanxanasında 28 May – Respublika Günü münasibətilə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən təntənəli ziyafət təşkil edilib.

Səfirlikdən verilən məlumata görə, ziyafətdə Kanadanın sabiq Baş naziri Jan Kretyen (Jean Chretien), senatorlar, dövlət qurumlarının təmsilçiləri, Ottavada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də Ottava və Monreal şəhərlərində yaşayan Azərbaycan icması iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Respublika Gününün tarixi barədə iştirakçıları məlumatlandırıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik dövlət olduğunu və qadınlara bir sıra Qərb ölkələrindən əvvəl səsvermə hüququ verdiyini söyləyib. Qeyd olunub ki, Cümhuriyyətin süqutundan sonra qurulan Sovet hakimiyyəti xalqımızın müstəqillik arzusunu boğa bilmədi və Azərbaycan öz müstəqilliyini bərpa etdi.

Müstəqilliyin ilk illərində Ermənistanın hərbi təcavüzü ilə üzləşən və ağır iqtisadi durumda olan Azərbaycanın çətin bir inkişaf yolu keçdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, bu problemlərə baxmayaraq, qısa müddətdə Azərbaycan müasir dövrün ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.

Ramil Hüseynli, həmçinin Azərbaycan-Kanada ikitərəfli münasibətlərinə toxunaraq, ölkəmizin bu münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu və bu məqsədlə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini bildirib.

Kanada Parlamenti İcmalar Palatası spikerinin müavini və Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bari Devolin (Barry Devolin) isə may ayında Bakıda keçirilmiş 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini bildirib. B.Devolin Azərbaycanın mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən ölkə kimi, belə möhtəşəm tədbirin keçirilməsi üçün tam uyğun məkan olduğunu vurğulayıb. O, ölkəmizi Kanada üçün önəmli tərəfdaş adlandırıb və Azərbaycan xalqını və dövlətini Respublika Günü münasibətilə təbrik edib.

Tədbirdə, həmçinin qonaqlara “İrs” jurnalının nüsxələri və Azərbaycanda keçiriləcək ilk Avropa oyunlarını təbliğ edən məlumat kitabçaları paylanılıb.

 

DİGƏR Xəbərlər Arxiv