YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: İdmanı siyasiləşdirmək cəhdi Olimpiya xartiyasının məqsəd və məramlarına ziddir

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun Azərbaycanla bağlı açıqlamasına münasibət bildirərkən deyib ki, onun idmanı siyasiləşdirmək cəhdi Olimpiya xartiyasının məqsəd və məramlarına ziddir.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan həmişə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və xüsusi prosedurlar üzrə mandat daşıyıcıları ilə onların mandatları çərçivəsində tam və konstruktiv əməkdaşlıq edib. Bu baxımdan, həmin əməkdaşlığın ruhuna xələl gətirən belə bir bəyanatın verilməsi anlaşılan deyil və Avropa Oyunları ərəfəsində bəzi qüvvələr tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın sifarişli tərkib hissəsidir.

BMT sənədlərində də qeyd olunduğu kimi, idman xalqları birləşdirməyə xidmət etməli və siyasətdən kənar olmalı olduğu halda, Mişel Forst tərəfindən idmanın siyasiləşdirilməsi cəhdi Olimpiya xartiyasının məqsəd və məramları ilə ziddiyyət təşkil edir.

Bu bəyanat Azərbaycan məhkəmə-hüquq sisteminə kölgə salaraq istinad edilən istintaq işlərinin mahiyyətini təhrif edir. Konkret cinayət əməlləri üzrə ittiham olunmuş şəxslərin azad edilməsinə çağırış hüquqi baxımdan əsassızdır və qanunun aliliyinin pozulmasıdır.

Mətbuat xidmətinin rəhbəri deyib: “Mişel Forst insan hüquqları məsələsində əgər belə “prinsipialdırsa”, ilk növbədə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bütün fundamental hüquqlardan məhrum olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsindən danışmalıdır”.