YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Orta Dəhliz layihəsinin genişlənməsində mühüm rol oynayır

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Ölkəmiz indiyədək regionda reallaşdırılan bütün irimiqyaslı enerji və nəqliyyat  layihələrinin təşəbbüskarı və moderatoru qismində çıxış edib. Builki Davos Forumu çərçivəsində çoxsaylı görüşlər keçirən və geniş müsahibələr verən dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın iqtisadi gündəliyinin aktual məsələlərini diqqətə çatdırıb. Forum çərçivəsində keçirilən tədbirlərdə Prezident İlham Əliyev, həmçinin ölkəmizin tranzit imkanlarını təqdim edib. Son vaxtlarda dünyada baş verən geosiyasi gərginliklər fonunda nəqliyyat-logistika məsələlərinin aktuallığı əhəmiyyətli dərəcədə artıb. Ölkələr və şirkətlər yüklərin təhlükəsiz və iqtisadi cəhətdən daha sərfəli marşrutlarla daşınmasına üstünlük verirlər. Uzunmüddətli sabitliyə malik olan və bu əsasda böyük uğurlar qazanan Azərbaycan məhz belə məkandır.  Ölkəmizin ərazisindən Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm beynəlxalq marşrut keçir. Azərbaycan yeganə ölkədir ki, hər iki dəhlizdə fəal iştirakçıdır və onların funksionallığının artmasına davamlı töhfələr verir. Prezident İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında bildirib ki, Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır.

Müxtəlif regionlardan tranzit məqsədi ilə ölkəmizə gələn yüklərin həcmi isə artır. Son bir ildə respublikamız üzərindən yük daşımaları əhəmiyyətli dərəcədə çoxalıb. Ancaq bu hələ başlanğıcdır. Ölkəmiz daha çox həcmlərdə yüklərin qəbul edilib ötürülməsinə hazır olmalıdır. Buna görə də vaxt itirilmədən mövcud infrastrukturun genişləndirilməsinə start verilib.  “Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb”, - deyə dövlətimizin başçısı vurğulayıb.

2017-ci ildə  Azərbaycanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsinə də start verilib. BTQ dəmir yolu xətti sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. Bu, o deməkdir ki, Çindən daşınan yüklər iki həftə müddətində Azərbaycandan keçərək Avropaya çatır. Hazırda Azərbaycan 53 gəmi ilə Xəzərdə ən böyük  donanmaya malikdir. Yaxın perspektivdə bu rəqəm də artırılacaq. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan yeni gəmilərlə özünün ticarət donanmasını genişləndirmək niyyətindədir.

Məlumdur ki, Orta Dəhliz Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların  sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına artıb. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Azərbaycan son vaxtlarda aktuallığı artan Orta Dəhliz üzrə də ən mühüm halqalardan birini təşkil edir. Respublikamız 10 il bundan əvvəl Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsini dəstəkləyir və Orta Dəhlizin funksionallığının artmasına özünün davamlı töhfələrini verir. Orta Dəhlizlə Xəzərdən keçməklə Azərbaycana gələn yükləri burada optimal marşrutlarla bir-biri ilə əlaqələndirilmiş Şimal-Cənub və Şərq-Qərb marşrutlarına ötürmək mümkündür. Perspektivdə respublikamızın ərazisində tranzit marşrutlarını daha bir istiqamətdə şaxələndirmək imkanı yaranacaq. Bu, Zəngəzur dəhlizi hesabına  mümkün olacaq. Gələcəkdə Orta Dəhlizin funksionallığını artırmaq üçün bir sıra başqa layihələrin icrası da nəzərdə tutulub.

Ümumiyyətlə, tərəfdaşlarla xoş münasibətlər  çoxtərəfli layihələrdə əsas uğur formullarından biri qismində çıxış edir. Orta Dəhlizin perspektivlərinə  böyük ümidlər bəslənilməsini şərtləndirən mühüm amillərdən biri də məhz budur. Bu layihə ətrafında ümumi məqsədlərə çatmaq üçün milli səviyyələrdə qətiyyətli siyasi iradə göstərən ölkələrdən ibarət güclü bir komanda formalaşıb. Həmin ölkələrin hər biri Orta Dəhlizin inkişafı, daha funksional tranzit marşrutu kimi fəaliyyət göstərməsi, yeni coğrafiyalara doğru genişlənməsi üçün öz imkanlarını təqdim etməyə hazırdırlar və müzakirələrə məmnuniyyətlə qoşulurlar. Tərəflərin hamısı Orta Dəhliz üzrə koordinasiyalı fəaliyyət göstərilməsi, vahid tariflərin tətbiqi, “bir pəncərə” sisteminə keçid edilməsi kimi məsələlərdə oxşar yanaşma ortaya qoyurlar. Ümumi qənaət belədir ki, beynəlxalq səviyyədə Orta Dəhlizə marağı artırmaqdan ötrü ilk növbədə dəhliz boyunca təhlükəsizlik yüksək səviyyədə təmin olunmalı və qarşılıqlı inam gücləndirilməlidir. Bu baxımdan da, Azərbaycanın müsbət rolu mühüm faktordur. Qarşılıqlı etimada əsaslanan əməkdaşlıq Orta Dəhliz lyihəsinin Avrasiya üçün önəmini daha da artıracaq.