YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatının fəalları Azərbaycan Milli Tarixi Muzeyini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Hacı Zeynalabdin Tağıyevin 200 illik yubileyi ilə əlaqədar fəal gənclərin Azərbaycan Milli Tarixi Muzeyinə və xeyriyyəçinin Ev Muzeyinə ekskursiyasını təşkil edib.

Əvvəlcə Milli Azərbaycan Tarixi Muzeyini gəzən ekskursiya iştirakçılarına Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsi barədə məlumat verilib. Bildirilib ki, Tarix Muzeyi 1920-ci ilin iyulundan məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi sarayda yerləşdirilib və ilk tamaşaçılarını 1921-ci ilin mayında qəbul edib. Xocalıda, Naxçıvanda, Qəbələdə, Gəncədə, Xaraba Gilanda, Örənqalada, Mingəçevirdə və digər yerlərdə aparılan qazıntı işləri Azərbaycan ərazisinin qədim maddi-mədəniyyət abidələrinin elmi baxımdan öyrənilməsinin əsasını qoydu.

Daha sonra Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi ilə yaxından tanış olan YAP Nərimanov rayon təşkilatının əməkdaşlarına və gənclərə məlumat verilib ki, Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri xeyriyyəçinin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə biliblər.

Qeyd edilib ki, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan H.Z.Tağıyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı tədqiqat və axtarışlar davam edir.

Ekskursiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.