YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycanda dini durum sabitdir

“Bu gün Azərbaycan sözün həqiqi mənasında dünyada tolerantlığa nümunə olan bir ölkədir. Bu, bütün dünyada qəbul olunur. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. Ötən ay Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Prezident İlham Əliyev öz nitqində bütövlükdə İslam dünyasında gedən prosesləri, həmçinin dünyada mədəniyyətlərarası münasibətləri çox məntiqli və elmi şəkildə təhlil etdi. Dövlətimizin başçısı xüsusi qeyd etdi ki, bu gün Azərbaycanın tolerantlığı bütövlükdə ayrı-ayrı dünya ölkələri üçün bir örnək rolunu oynaya bilər.” Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AZƏRTAC-a verdiyi müsahibədə söyləyib.  

Mübariz Qurbanlı  qeyd edib ki. Azərbaycan həm də multikultural bir cəmiyyətdir: “Multikulturallıq öz mədəniyyətini inkar etmək demək deyil. Multikulturallıq və tolerantlıq başqa mədəniyyətlərə, başqa dinlərə, başqa xalqların xüsusiyyətlərinə hörmətlə yanaşmaqdır. Tolerantlığın bir çox növləri var və Azərbaycanda bunların hər birinin özünəməxsus yeri var. Lakin Azərbaycan xalqının milli mentalından, adət-ənənələrindən irəli gələrək dini tolerantlıq daha qabarıq şəkildə özünü göstərir. Azərbaycan cəmiyyətinə baxdıqda bu, daha aydın şəkildə görünür. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Bu gün Azərbaycanda 2050-dək məscid, 10-dan çox kilsə var. Ölkəmizdə xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir. Dünyada yəhudilərin azad şəkildə öz dini inanclarını icra etdiyi ölkələr içərisində Azərbaycan birinci yerdədir. Azərbaycan demək olar ki, yəhudilərin İsraildən sonra ən azad dini icma şəklində fəaliyyət göstərdiyi bir ölkədir. Azərbaycanda 10-a qədər sinaqoq, 4 gürcü kilsəsi fəaliyyət göstərir. Hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, Bakıda erməni kilsəsi qorunub saxlanılır və bu gün də fəaliyyət göstərir. Təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir. Biz Ermənistanın Azərbaycana qarşı təcavüzünü dinlərarası qarşıdurma kimi yozmağın tərəfdarı deyilik. Təəssüf ki, ermənilər bütün təbliğatlarında bu münaqişəni hətta az qala dinlərarası qarşıdurma kimi də təqdim etməyə çalışırlar.”

“Bu gün Azərbaycanda dini durum sabitdir. Azərbaycanda heç vaxt dini qarşıdurmaya çağırış olmayıb, dini ayrı-seçkiliyi təbliğ və təşviq edən qruplar yoxdur və ölkə qanunları da bunun əleyhinədir. Azərbaycanda həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında bizim xalqımıza xas olan humanizmin və multikultur dəyərlərin müstəsna rolu var.” –deyə, Mübariz Qurbanlı bildirib.