YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heç bir terror aktı Azərbaycanı öz haqq yolundan döndərə bilməz

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Yanvarın 27-də Tehranda yerləşən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə olunan silahlı hücum əvvəlcədən düşünülmüş və planlı şəkildə həyata keçirilmiş qanlı terror aktıdır. Hadisə nəticəsində səfirliyin təhlükəsizliyini təmin edən bir əməkdaş Şəhid olmuşdur. Əlbəttə ki, bu terror aktına görə bütün məsuliyyət birbaşa İran hökumətinin üzərinə düşür. Yayımlanan video görüntülərdə səfirliyin qarşısında avtomobildən düşən və avtomat silahla silahlanmış terrorçunun səfirliyin girişində yerləşən polis postunda olan şəxslə sol əlini qaldıraraq salamlaşdığı aydın görünür. Eyni zamanda da polis yad bir insanın əlində silah səfirliyə daxil olmasına, heç bir reaksiya vermir. Sual olunur, həmin polis postunu səfirliyin qarşısına hansı məqsədlə yerləşdiriblər? Vurğulamaq lazımdır ki, İran dövlətinin davamlı olaraq ölkə daxilində həyata keçirdiyi Azərbaycan əleyhinə təbliğat və düşmənçilik siyasəti bu kimi yolverilməz hadisələrin, terror aktlarının baş verməsinə zəmin yaradır.

İranın Azərbaycana qarşı düşmənçilik siyasəti İkinci Qarabağ savaşı zamanı, İranın öz ərazisindən Ermənistana silah-sursat, terrorçu dəstələrin daşınmasına şərait yaratmasında, həmçinin  ölkəmizdə daim təxribatlar və iğtişaşlar törətmək cəhdlərində də özünü göstərib. Azərbaycan bütün ölkələrlə münasibətlərini hər zaman səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qurmağa üstünlük verir. Bu, Ölkə Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasətin mühüm baza prinsiplərindən biridir. Təəssüflər olsun ki, Azərbaycanın dünya, o cümlədən müsəlman ölkələri ilə əlaqələrini getdikcə möhkəmləndirməsi, İslam dünyasının birlik və həmrəyliyinə dəyərli töhfələr verməsi cənub qonşumuz olan İran tərəfindən qısqanclıqla qarşılanır. Sözdə, dövlət rəsmiləri səviyyəsində verilən bəyanatlarda özünü Azərbaycanın səmimi dostu kimi təqdim etməyə çalışan İran faktiki olaraq hər zaman ölkəmizi ideoloji hücumlarının hədəfinə alıb. Lakin Azərbaycana təhdid və hücumlarla təzyiq göstərmək, bu kimi üsullarla ölkəmizi öz haqq yolundan, dövlətimizi öz siyasətindən çəkindirmək mümkün deyil. Azərbaycan özünə qarşı bütün təhdidləri dərhal aradan qaldırmağa, istənilən terror ocağını məhv etməyə qadir ölkə olduğunu artıq sübut edib. Buna görə də nə İranın Azərbaycanla sərhəd ərazilərində keçirdiyi hərbi təlimlər, nə rəsmi Tehranın ölkəmizə qarşı əsassız bəyanatları, nə də heç bir terror aktı Azərbaycanı öz haqq yolundan döndərə bilməz.

Yeni Azərbaycan Partiyasının Cəbrayıl rayon təşkilatı olaraq partiyamızın bütün üzvləri kimi, bütün Azərbaycan xalqı kimi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş qanlı terror hadisəsini sonsuz qəzəb və hiddət hissi ilə pisləyirik. Bu beynəlxalq cinayəti törədənlərin və təşkil edənlərin dərhal tapılmasını və ciddi cəzalandırılmasını tələb edirik.