YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni reallıqlar Türk dünyasının birliyini daha da möhkəmləndirir

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilən  Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü Türk dünyasının birliyinin, Azərbaycan-Türkiyə qardaşlığının, o cümlədən  tarixi həqiqətlərimizin, mövcud  reallıqların   dünyaya təqdimatı baxımından çox mühüm platforma oldu. Diqqəti 30 illik işğal, 44 günlük müharibə, eyni zamanda, postmünaqişə dövrünün reallıqlarına yönəldən Prezident İlham Əliyev bildirdi ki,   işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib. Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub.

Hazırda işğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliklərinin şahidləridir. Tarixi Zəfərimizdən sonra bu ərazilərimizdə olan hər kəs Azərbaycanın 30 ildə necə vəhşi bir millətlə üz-üzə dayandığını görür, bundan heyrətlərini gizlətmirlər. Bütün tikililər tamamilə dağıdılıb.  Bu gün həmin torpaqlar yenidənqurma-bərpa dövrünü yaşayır. Bu ərazilərə yeni nəfəs gəlir. Azərbaycan xalqı bir daha qurub-yaradan xalq olduğunu dünyaya nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərimizdə bütün işlər müasir dövrün tələbləri əsasında həyata keçirilir. Dövlət başçısı İlham Əliyev bu torpaqlarda bərpa-quruculuq işlərinə başlayanda belə bir çağırışı etdi ki, dost ölkələrin bu prosesdə iştirakını istərdik.

Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla gedib. Zirvə görüşündə bu kimi məqamlara diqqəti yönəldən cənab İlham Əliyev, eyni zamanda, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını ifadə etdi və bildirdi ki, yaxınlarda Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır.

Göründüyü kimi, tarixi Zəfərimizin reallıqları fonunda türkdilli dövlətlər arasında əlaqələr yüksələn xətlə inkişaf edir, əməkdaşlıqda yeni prioritetlər müəyyənləşdirilir. “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşündə Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkib, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr apardılar. Tədbirin sonunda qəbul olunan Ankara Bəyannaməsində Zirvə görüşünün dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə keçirildiyi xüsusi qeyd edilərək gələcək atılacaq addımlar təqdim edildi. Bu sənəd türkdilli dövlətlər arasında əlaqələrin inkişafında yol xəritəsi kimi dəyərləndirilir. Ankara Bəyannaməsində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Türkiyə  Prezidenti  Rəcəb Tayyib Ərdoğana Türk dünyasının birliyi və həmrəyliyinə, eləcə də təhlükəsizliyi və rifahına verdiyi güclü və davamlı töhfələrinə, Türk Dövlətləri Təşkilatının birlik ruhunun gücləndirilməsində möhkəm liderliyinə görə təşəkkürlərini bildirərək  gələcək seçkilərdə uğurlar arzu etdilər.