YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sözdə deyil, əməldə təsdiqini tapan qardaşlıq

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü Türkiyə-Azərbaycan qardaşlığının möhkəmləndirilməsinə xidmət edən addımlar sırasındandır. Reallıq budur ki, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. Dövlət başçısı İlham Əliyev ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə belə bir əminliyi də ifadə etmişdir ki, Azərbaycan  bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Onu da qeyd edək ki, həmin Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dünyasının birliyinə verdiyi töhfələrə görə Türk Dünyasının Ali Ordeni ilə təltif edilmişdir.  Cənab İlham Əliyev bu ali mükafata 2021-ci ildə layiq görülmüşdür. Bu iki mühüm addım Azərbaycan və Türkiyə Prezidentlərinin Türk dünyasının birliyi ilə bağlı istəklərinin sözdə deyil, əməldə öz təsdiqini tapdığını nümayiş etdirir.

Qeyd edək ki, “Təbii fəlakət-fövqəladə halların aradan qaldırılması və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşündə Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlər ən yüksək səviyyədə müzakirə edildi və tədbirin sonunda qəbul olunan Ankara Bəyannaməsində əksini tapan müddəalar gələcəkdə bu təşkilatın fəaliyyətinin əsas istiqamətləri barədə aydın təsəvvür yaratdı. Sənəddə Zirvə görüşünün cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilməsinin xüsusi qeyd edilməsi Azərbaycanın bu birliyə dəstəyinin, töhfələrinin yüksək dəyərləndirilməsinin göstəricisidir.

Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycanın regionda, Türk dünyasında, ümumilikdə beynəlxalq aləmdə artan nüfuzunun təqdimatı kimi diqqətdədir. Türk Dövlətləri Təşkilatının son illərdə sürətli inkişafı, üzv dövlətlər arasında əlaqələrin genişlənməsi göz önündədir. Tarixi Zəfərimizin yaratdığı reallıqlar bu istiqamətdə də yeniliklərə yol açıb.

Bu reallıq da hər kəsə məlumdur ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan daim müxtəlif mədəniyyətlərin, dinlərin bir araya gəlməsində öz sözünü deyir. Bu baxımdan Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınır və nüfuz qazanır. Azərbaycanın iştirakçısı olduğu enerji və nəqliyyat layihələri də beynəlxalq nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. Ankarda keçirilən Zirvə görüşündə bir daha bu məqamlara diqqət yönəldildi.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu bəyan edir.

Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı nəinki türk dünyası, ümumilikdə bütün  dünya üçün nümunədir.  İki ölkənin qardaşlıq nümunəsini İkinci Qarabağ müharibəsində, azad olunmuş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərində Türkiyənin ölkəmizə dəstəyində, eyni zamanda, Azərbaycanın qardaş ölkədə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində göstərdiyi  qardaş köməyində gördük. Dövlət başçısı İlham Əliyev Ankarada keçirilən Zirvə görüşündəki çıxışında bir daha bu əminliyi ifadə etdi ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracaq. Türkiyə son 20 ildə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir. 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir.  Prezident Rəcəb Tayyib Ərdoğan bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcək.

DİGƏR Xəbərlər Arxiv