YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk dünyası böyük bir ailədir

“Son illər türk dövlətlərinin birliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan bu hədəfə çatmaq üçün önəmli təşəbbüslər irəli sürür və ölkəmizin bu tarixi prosesdə xüsusi rolu var. Azərbaycan türk dünyasının birləşməsinə hər zaman önəm verib. Ümummilli liderimiz Heydər Əliyev vaxtilə türk dövlətlərinin birliyinin vacibliyini vurğulayırdı və Zirvə görüşlərində bu məsələni gündəmə gətirirdi. Hazırda bu ideya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu səbəbdəndir ki, cənab İlham Əliyev bu gün Türk dünyasının liderlərindən biri kimi qəbul olunur”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, bir vaxtlar xəyal kimi görünən Türk dövlətlərinin birliyi ideyasının reallığa çevrilməsinə şahidlik edirik. Əlamətdar haldır ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Macarıstan dövlətləri böyük Türk birliyinin vahid platformada birləşməsinə qətiyyətli siyasi iradə ortaya qoyurlar. Eyni zamanda, qeyd olunan ölkələrin cəmiyyətlərində də Türkdilli dövlətlərin birləşməsinə böyük istək var. Türkdilli Dövlətlər Təşkilatı (TDT) məhz belə sağlam zəmin əsasında təşəkkül taparaq funksional bir platformaya çevrilib. Martın 16-da  Türkiyənin paytaxtı Ankarada TDT-nin  “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü keçirilib. Əvvəlcə bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulurdu. Prezident İlham Əliyev Türkiyədə dağıdıcı zəlzələ baş verməsini nəzərə alaraq Zirvə görüşünün Ankarada keçirilməsi təşəbbüsünü irəli sürüb və bu təşəbbüs bütün üzv dövlətlər tərəfindən dəstəklənib. Bununla da Azərbaycan və digər türk dövlətləri insanlıq faciəsi ilə üzləşən Türkiyə ilə həmrəy olduğlarını bir daha nümayiş etdiriblər. “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkib, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparıblar.

Millət vəkilinin sözlərinə görə, artıq Türk dünyası böyük bir ailədir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyev Sammitdə çıxışı zamanı türk dövlətlərinin birliyinin önəmindən, Ermənistanın 30 il ərzində işğalçılıq siyasətinin nəticələrindən bəhs etdi. 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılıb. Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşüb. Torpaqlarımız azad edildikdən sonra bir neçə yerdə kütləvi məzarlıq aşkar etmişik. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır. 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır. Cənab Prezident Ermənistanın həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayındığını bəyan edib. Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır. Cənab Prezident çıxışında həmçinin qeyd edib ki, biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir.

Dövlətimizin başçısı Vətən müharibəsi nəticəsində azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işlərindən ətraflı bəhs etdi. Hazırda Türkiyə şirkətləri bu prosesdə yaxından iştirak edir. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəbin, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzinin inşa olunması da Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın nümunəsidir.

Pərvin Kərimzadə qeyd edib ki, Zirvə görüşündə qəbul olunmuş Ankara Bəyannaməsi əslində TDT-nın gələcək fəaliyyəti üçün bir yol xəritəsidir. Sənəddə üzv dövlətlər müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək, daha sıx inteqrasiyayqa nail olmaq istəklərini ifadə ediblər. O cümlədən, Türkiyəyə zəlzələnin nəticələrinin aradan qaldırılmasında bundan sonra da dəstəyin verilməsi əksini tapır. Gələcəkdə TDT-nın funksionallığının artması dövlətlərin siyasi iradəsi ilə yanaşı, həm də üzv ölkələrin iqtisadi potensialının səfərbər edilməsindən, koordinasiyalı fəaliyyətin həyata keçirilməsindən çox asılıdır. Təsadüfi deyildir ki, bəhs olunan Ankara Bəyannaməsində TDT üzv dövlətləri arasında ticarət və iqtisadi əməkdaşlığı gücləndirmək üçün onların iqtisadi potensialını səfərbər etmək məqsədi daşıyan Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişin imzalanması alqışlanıb. Bu sənədin imzalanması Türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə, qarşılıqlı investisiya qoyuluşunun artmasına güclü impuls verəcək. Bütövlükdə isə, Ankara sammiti türk birliyinin daha da gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır.