YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığımız genişlənməkdədir

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Bu gün həm yaxın qonşularla, həm də dünyanın bir çox ölkələri ilə qarşılıqlı maraqlar əsasında qurulmuş ikitərəfli əməkdaşlıqların yaradılması Azərbaycan üçün prioritet təşkil edir. Təbii ki, bu baxımdan Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri ikitərəfli əməkdaşlıq və Şərq Tərəfdaşlığı çərçivəsində uğurla inkişaf edir. Avropa İttifaqı ilə siyasi münasibətlər sahəsində qazanılmış nailiyyətlərin ticari sahəyə də ötürülməsi əsas ticarət tərəfdaşımız olan ittifaq ilə ticari əməkdaşlığımızı daha da genişləndirməkdədir. Sözsüz ki, Avropa İttifaqı ilə ticari əməkdaşlıqdan danışan zaman gündəliyimizdə üstün yer tutan sahələrdən biri də Almaniya-Azərbaycan əlaqələridir.

Martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü Almaniya-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu bir daha təsdiq etdi.

Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində apardığı fəal əməkdaşlığın 2006-cı ildə imzalanmış Anlaşma Memorandumu ilə başlayan və 2011-ci ildə imzalanmış Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə ilə davam edən on beş ildən artıq tarixi var. Bu müddət ərzində Avropa İttifaqının enerji təhlükəsizliyinə öz töhfəsini verən Azərbaycanın neft hasilatı ilə başlatdığı və sonradan qaz hasilatına da keçdiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Dünyada baş verən geosiyasi proseslərin, davam edən qarşıdurmaların fonunda, xüsusilə Avropanın enerji təhlükəsizliyi qlobal gündəlikdə duran ən vacib məqamlardan birinə çevrilir.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi enerji siyasəti sayəsində Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və artıq iki ildən bir qədər çox zaman kəsiyində tam gücü ilə işləyərək Azərbaycan təbii qazını Avropa qitəsinə çatdırır. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən 2027-ci ilə qədər Avropa məkanına 20 milyard kubmetr təbii qazın çatdırılmasını planlaşdırır.

Əlbəttə, ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlığın mövcud olması böyük nailiyyətdir və həm Azərbaycan, həm də Avropa üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, bu gün bizə qaz sifarişini edən ölkələr sırasında Çex Respublikası, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya və digər ölkələr də var.

Qlobal gündəlikdə ən üstün məsələlərdən olan enerji təhlükəsizliyindən başqa, Azərbaycan Avropa İttifaqı ilə təhsil, daşımalar və bütün digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə, bu sahələrdə də uzunmüddətli kontraktların imzalanmasına maraqlıdır.

Təbii ki, Almaniya şirkətləri ilə perspektiv planlarımız daha çox təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri istiqamətindədir. Hazırda Azərbaycanda “Böyük Qayıdış” adlanan dövlət proqramına start verilib. Proqram və onun icrası böyük vəsaitlər tələb edir. Qarabağ və Şərqi Zəngəzur bölgələri artıq yaşıl enerji zonası elan edilib. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək.

Beləliklə, deyə bilərik ki, Almaniya ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var.