YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi torpaqlara qayıdış mütləqdir

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Prezident İlham Əliyev çıxışında yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətlərindən bəhs etdi. Ölkələrimiz sevincli və kədərli günlərində hər zaman bir-birinin yanındadır. Vətən müharibəsi günlərində qardaş Türkiyə Respublikası və xalqı ilk dəqiqələrən son günə kimi Azərbaycanın yanında oldu. Xalqımız  qardaş Türkiyənin bu siyasi dəstəyindən ruh yüksəkliyi alırdı.

Qardaş Türkiyədə baş verən zəlzələ isə xalqımızı çox sarsıtdı. Azərbaycan xalqı öz qardaş dəstəyini əsirgəmədi. Həm dövlət səviyyəsində, həm də sadə insanlar davamlı olaraq qardaş ölkəyə yardım kampaniyaları təşkil etdilər. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Ölkələrimiz və xalqlarımız arasında olan münasibətlər əbədidir.

Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Prezident İlham Əliyevin diqqət çəkdiyi digər bir məqam isə Azərbaycan həqiqətləri oldu.  30 illik erməni işğalının ağır fəsadlarından və həmin fəsadların bu gün də qaldığından danışarkən ölkə başçısı tarixi faktları da xatırlatdı. Prezident İlham Əliyev vurğuladı ki, Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Bu gün dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur və onların yalnız cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır. Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. Zamanla deportasiya siyasəti davam etdirilmiş və 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və UNESCO-dan müsbət cavab gözləyir.

Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Prezident İlham Əliyev onu da diqqətə çatdırdı ki, Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Bunun üçün Qayıdış Konsepsiyası da hazırlanıb. Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma yurdlarına qayıtmaqları onların təbii haqlarıdır və beynəlxalq hüquq da buna əsas verir.  Prezident İlham Əliyev onu da bəyan etdi ki, biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir.