YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bundestaqın üzvü Tobias Zek: Dağlıq Qarabağın ilhaqına son qoyulmalıdır

Almaniya Xristian-Demokratlar Birliyi (XDB) və Xristian-Sosialistlər Birliyi (XSB) Partiyasının üzvü, Bundestaqın məşğulluq, sosial məsələlər, iqtisadi əməkdaşlıq və inkişaf komitəsinin, Cənubi Qafqaz üzrə parlament qrupunun, eləcə də Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Tobias Zek “TV Berlin” kanalının “Almaniya parlamentindən” (“Aus dem Bundestag”) proqramına müsahibə verib.

Müsahibədə Almaniya-Azərbaycan əlaqələrindən, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın oynadığı roldan, ölkəmizin Avratlantik məkana inteqrasiya olunmasından, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edilib.

Tobias Zek üzvü olduğu Cənubi Qafqaz üzrə parlament qrupu tərəfindən Gürcüstan, Ermənistan və Azərbaycan parlamentariləri ilə müntəzəm parlamentlərarası mübadilənin aparıldığını, həmçinin qeyd edilən ölkələrin də öz aralarında dialoqun baş tutması üçün dəstəyin verildiyini bildirib.

Deputat Cənubi Qafqaz bölgəsinin Avropa İttifaqı və Almaniya üçün strateji əhəmiyyət kəsb etdiyini deyib. Onun fikrincə, ən mühüm məsələ region ölkələrinin dialoqa hazır olması, xüsusilə də münaqişə vəziyyətində olan dövlətlər arasında dialoqun baş tutmasıdır.

T.Zek danışıqlar prosesində yaranmış vəziyyəti qiymətləndirərkən qeyd edib ki, sülhə nail olmaq üçün təkcə istək və müvafiq qətnamələrin qəbulu kifayət etmir: “Biz ilk növbədə danışıqlar aparan tərəfləri yenidən masa arxasına oturtmağa nail olmalıyıq. Əsas problem ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli dialoq yoxdur. Bu, sadəcə Cənubi Qafqazda iki ölkə arasında gedən bir münaqişə deyil. Bu münaqişəyə beynəlxalq müdaxilələr də var. Ermənistanla Azərbaycan arasında qonşu ölkələrin müdaxiləsi olmadan birbaşa danışıqlar aparılsa bu, daha faydalı ola bilərdi”.

Tobias Zek Cənubi Qafqaz ölkələrinin 2009-cu ildə “Şərq Tərəfdaşlığı” proqramına qoşulması məsələsinə toxunarkən qeyd edib ki, bu ölkələr Avropa İttifaqının üzvü olmadığı halda belə regionla yaxın münasibətlər qurulub: “Bu, çox vacib bir addım idi. Proqramın mandatına uyğun olaraq Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi fəaliyyət göstərir. Avropa İttifaqı Dağlıq Qarabağ üzrə danışıqlarda rəsmi şəkildə iştirak etməsə də bu danışıqları yaxından izləmək hüququnu əldə edib”.

Bundestaqın deputatı BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 4 qətnamədən də söz açıb.

“Birinci tələb ondan ibarət olmalıdır ki, Ermənistan Respublikası qoşunlarını Dağlıq Qarabağdan çıxarsın. Yalnız bundan sonra münaqişənin davamlı həll yolu tapıla bilər. Ermənistan isə deyir ki, onlar yalnız bütün məsələlər həll ediləndən sonra qoşunlarını ərazidən çıxara bilər. Beləliklə, burada bir növ “toyuq və yumurta” vəziyyəti yaranıb. Mən inanıram ki, burada beynəlxalq hüququ pozan ilhaq amili var və bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”, - deyə Almaniya Bundestaqının üzvü Tobias Zek vurğulayıb.