YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi əlaqələrə malik…

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Son illər Azərbaycanın dünya miqyasında nüfuzu artmaqda, beynəlxalq əlaqələri genişlənməkdədir. Prezident İlham Əliyevin xarici  ölkələrə ardıcıl səfərləri və digər ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin bu günlərdə Litva Respublikasına rəsmi səfəri də  ölkəmizin xarici əlaqələrinin coğrafiyasının genişlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirildi və mühüm sənədlər imzalandı. Ötən bir ildə Azərbaycan və Litva prezidentləri üç dəfə görüşüb. Ölkə başçıları 2022-ci ilin may ayında Bakıda, 2023-cü ilin yanvar ayında isə Davosda görüşmüşdülər. Keçirilən hər bir görüş iki ölkə üçün xüsusi əhəmiyyət kəsb edir, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün vacibdir.

Hər bir səfərin əhəmiyyətini, münasibətlərin inkişafında rolunu artıran mühüm məqamlardan biri sənədlərin imzalanmasıdır.  Vilnüsdə Prezidentlərin iştirakı ilə ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində sənədlər imzalandı. Keçirilən biznes forumdakı çıxışlar, eyni zamanda, Prezidentlərin mətbuata birgə bəyanatlarında səsləndirilən fikirlər ölkəmizin iqtisadi potensialının yüksək olduğunu və xarici investorlar üçün əlverişli mühitin mövcudluğunu təsdiqlədi. Budəfəki biznes forum iqtisadi əlaqələrimizin dərinləşməsinə böyük stimul yaradacaq. Litva Prezidenti Gitanas Nauseda belə bir əminliyi ifadə etmişdir: “Bu gün mən həqiqətən də inanıram ki, ölkələrimiz təkcə iqtisadi cəhətdən yox, eyni zamanda, elm, təhsil və mədəniyyət sahələrində də bir-biri ilə əlaqələr qurmalıdırlar. Yol genişdir və bizim qarşımızdadır. Qoy, bu biznes forumu düzgün istiqamətdə atılmış əlavə addım olsun.”

Azərbaycan və Litva yerləşdikləri regionlarda strateji üstünlüklərə malikdirlər. Bərpaolunan enerji, logistika potensialı əməkdaşlıq imkanlarını daha da artırır. Xəzər və Baltik dənizləri günəş və külək enerjilərindən istifadə üçün gözəl fürsətlər yaradır. Dövlət başçısı İlham Əliyev Azərbaycan-Litva biznes forumunda bildirmişdir ki, bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedirik. Hər iki ölkədə - Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var: “Hər iki ölkə bu məsələni gündəliyimizə daxil edib. Bizə gəldikdə, bizdə enerji təhlükəsizliyi mövcuddur. Lakin, bununla belə, biz ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətimizin günəş və külək enerjilərindən istifadə etmək istərdik. Xüsusən də, nəzərə alsaq ki, ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzaladılar. Biz onun əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq. Fikrimcə, bu, minimal həddi təşkil edir, çünki potensial çoxdur. Biz mövcud yataqlardan daha çox qaz hasil edirik. Bu yaxınlarda Xəzərdə ən iri yataqlardan birində hasilatın başlanmasını elan edəcəyik. Həmçinin bərpaolunan enerji mənbələrinə qoyulan sərmayələr təbii qaza ixrac məqsədləri üçün qənaət etmək imkanını yaradacaq.”

Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Bütün bunlar Azərbaycanın  Avropa İttifaqı ilə əməkdaşlığının  strateji çərçivəsinin bir hissəsidir. Ölkəmizlə Avropa Komissiyasının daha yaxın olmasına verdiyi dəstəyə görə litvalı dostlara və tərəfdaşlara minnətdarlığını ifadə edən cənab İlham Əliyev bu inamı da ifadə etdi ki,  keçirilən  görüşlər, biznes forum  yaxşı nəticələr verəcək. Bir sıra sənədlər imzalandı: “Ümid edirik ki, onların hamısı yaxşı nəticələr verəcək və bu cür toplantıların səmərəliliyini nümayiş etdirəcək. Həmçinin bu fürsətdən istifadə edərək, mən Litvanın biznes icmasından olan dostlarımızı Azərbaycana səfərə və dialoqu davam etdirməyə dəvət edirəm.”

Onu da qeyd edək ki,  Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. Litva ilə əlaqələr Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına da müsbət təsir göstərəcək. Litvaya səfəri ölkələrimiz arasında iqtisadi, siyasi və mədəni əlaqələri daha da gücləndirəcək və hər iki ölkə qarşılıqlı şəkildə bu əməkdaşlıqdan faydalanacaq.

DİGƏR Xəbərlər Arxiv