YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh gündəliyi öz aktuallığını qoruyur

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən Prezident İlham Əliyev sabit əməkdaşlıq əlaqələrini xüsusilə qeyd etdi. Məlumdur ki, Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Ölkə başçısı ötən ilin göstəricilərini diqqətə çatdıraraq Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsinin 31 faiz artdığını və 4,7 milyard dollar təşkil etdiyini bildirdi. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Bu ilin yanvar-aprel aylarında da qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb.

Prezident İlham Əliyev ölkəmizin böyük həcmdə nəqliyyat-tranzit imkanlarından bəhs edərkən bildirdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Ölkə başçısı həmçinin diqqətə çatdırdı ki, Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır. Bundan əlavə, Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Həmçinin Azərbaycan  strateji əhəmiyyət daşıyan logistik layihələrin mərkəzi rolunu uğurla icra edir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Eyni zamanda, Azərbaycan ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün müəllifidir. Bu nəqliyyat dəhlizi bütün regionun sürətli inkişafına səbəb olacaq.

Həm iqtisadi, həm də diplomatik uğurlara davamlı olaraq imza atan Azərbaycan Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisat olan  və 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına təxminən dörd ildir ki, uğurla sədrlik edir. Bu onun göstəricisidir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil xarici siyasət kursunu uğurla həyata keçirir. Ölkəmizin tam iqtisadi müstəqilliyə nail olması  bunu şərtləndirən əsas amillərdəndir.

Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən Prezident İlham Əliyev onu da vurğuladı ki, Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu  3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda Azərbaycanın əsas məqsədlərindən biri ixracın şaxələndirilməsidir.

Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərindən bəhs edərək isə diqqətə çatdırdı ki, sülh gündəliyi öz aktuallığını qoruyur. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, sülh sazişinə nail olmaq üçün imkanlar var. Bir halda ki, Azərbaycan dövlətinin Ermənistana qarşı heç bir ərazi iddiaları yoxdur və qarşı tərəfin bununla əlaqədar ittihamları tamamilə absurddur.