YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərin davamı

Səbinə Xasayeva

Milli Məclisin deputatı

Vətən müharibəsindəki möhtəşəm zəfərimizdən sonra məğlub Ermənistan qoşunlarını Kəlbəcər, Ağdam və Laçın rayonlarından döyüşsüz çıxartdı. Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başlanıldı. Bu proses son aylarda daha da intensivləşib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 28-də Laçın şəhərinə növbəti səfəri həm quruculuq işlərinin sürətləndirilməsi baxımından gərəkli oldu, həm də Müstəqillik günü Laçın şəhərində olmaq, Laçında çıxış etmək, İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən, qəhrəmanlardan Laçında danışmaq mahiyyəti baxımından bir gerçəkliyin ifadəsidir: Bu Zəfər tarixin axarını həqiqətə əbədilik dəyişdi.

Bu səfər həm də Laçına qayıdışla tarixləşdi. Quruculuq işləri 8 ayda böyük sürətlə aparıldı, Laçının böyük bir hissəsi tamamilə yeniləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qürurla bildirdi ki,  ilk 20 ailə artıq Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlaşacaq.

İşğaldan azad edilmiş ərazilərdə kəndlər, şəhərlər böyük məsuliyyətlə yenidən qurulur, tikilir. Bu proses Zəfərin davamıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında Laçında insanların rahat yaşaması üçün bütün lazımi şəraitin yaradıldığını qürurla qeyd etdi. Bugün Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olacaq. Bunlar həm ayrılıqda, həm də vəhdətdə işğaldan azad edilmiş bir rayonun yenidən necə qurulduğunun mahiyyətinin göstəricisidir. Tibb məntəqəsi, məktəb, Aqro və Sənaye Parkı başlanğıc üçün böyük uğurdur və Azərbaycan dünyaya təsdiqləyir ki, döyüşdə müzəffər olmaqla quruculuqda da müzəffər olacağıq.

Ölkə başçısının Laçına bu səfəri Moskvaya işgüzar səfərdən sonra daha həssaslıqla izlənildi. Moskva danışıqları Azərbaycanın dövlətçiliyinin qətiyyətliliyinin təsdiqi oldu. Laçına 28 may səfəri bu görüşdən sonra dövlətin daxili siyasətinin istiqamətlərini göstərdi. Bir daha təsdiqləndi ki, Azərbaycan öz dövlətçiliyini daha ciddi qoruyur, qoruyacaq. Aərbaycan Respublikasınını Prezidenti cənab İlham Əliyev çıxışında  strateji əhəmiyyət daşıyan nailiyyətdən də söz açdı: “Cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntə­qəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdi ki, danışıqlar müddətində Azərbaycanın iqtisadiyyatı gücləndirilib, dövlətin siyasi gücü artıb, regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır.

İkinci Qarabağ müharibəsi, qazanılan Zəfər həmişə xatırlanacaq, bəzi məqamlarda istinad olunası tarixi hadisə kimi anılacaq. Bu müharibədə qazanılan Zəfər bu ehtirama layiqdir.

Ölkə başçısının Laçına Müstəqillik Günündə səfəri Azərbaycan dövlətçiliyinin dönməzliyinə inam kimi yaşanıldı. Laçına ilk köçü hamı Böyük köçün ilk karvanı bildi. Gözün aydın, Laçın! Gözün aydın, Azərbaycan!