YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin ekspertləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik ərazilərinin işğal olunması faktını qeyd ediblər

İyunun 16-17-də Cenevrə şəhərində BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu və təşkilatın məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani Azərbaycana səfərlərinin yekunlarına dair hesabatlarını BMT İnsan Hüquqları Şurasının 29-cu sessiyasına təqdim ediblər.

Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, İşçi Qrupun hesabatının təqdimatı zamanı qrupun sədri və məruzəçisi Maykl Addo səfərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib.

İşçi Qrup öz hesabatında son illər ərzində Azərbaycanda iqtisadi inkişaf, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması, habelə korrupsiyaya qarşı mübarizə sahələrində mühüm nailiyyətlərin əldə edildiyini vurğulayıb. Bununla yanaşı, ölkəmizdə biznes və insan hüquqlarının tam təmin olunmasının qarşısında duran əsas maneənin məhz Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı ərazilərinin işğal edilməsi nəticəsində öz yurd-yuvalarını tərk etmiş qaçqın və məcburi köçkünlər məsələsi olduğunu qeyd edib. Ermənistan nümayəndə heyətinin etirazına cavab olaraq M.Addo Ermənistan tərəfini BMT Baş Assambleyasının 62/243 saylı “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsini nəzərdən keçirməyə çağırıb.

BMT-nin xüsusi məruzəçisi Ç.Beyani hesabatın təqdimatı zamanı Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması, xüsusilə onların yaşayış yerləri ilə təmin olunması sahəsindəki tərəqqini qeyd edib və hökumətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib. Xüsusi məruzəçi hesabatda məcburi köçkünlərin hüquqlarının tam bərpa olunması üçün ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməli olduğunu qeyd edib. Bu xüsusda, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin, habelə BMT Baş Assambleyasının 62/243 (2008) saylı “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsinin yerinə yetirilməsinə çağırıb. O, eyni zamanda, azərbaycanlı məcburi köçkünlərin məsələsini xüsusi diqqət altında saxlayacağını bildirib və bu istiqamətdə Azərbaycan Hökuməti ilə mövcud konstruktiv əməkdaşlığı bundan sonra da davam etdirəcəyini vurğulayıb.

Xatırladaq ki, BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Ç.Beyani 2014-cü il mayın 18-24-də, Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu isə həmin il avqustun 18-27-də Azərbaycana səfər edib.

BMT-nin xüsusi məruzəçisi və Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu BMT İnsan Hüquqları Şurasının xüsusi prosedurları mexanizminin tərkib hissəsidir. Müstəqil ekspertlərdən ibarət olan xüsusi prosedurlar institutu BMT İnsan Hüquqları Şurasının müstəqil faktaraşdırıcı və monitorinq mexanizmi hesab olunur.