YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlk Avropa Oyunlarında Azərbaycan 12-ci qızıl medalını qazandı

Prezident İlham Əliyev qızıl medalı qalib idmançıya təqdim etdi 

İyunun 18-də keçirilən taekvondo yarışlarında iki idmançımız fərqlənib. Milad Beiqi Harçeqani qızıl, Fəridə Əzizova isə gümüş medalın sahibi olublar. Bununla da birinci Avropa Oyunlarında Azərbaycanın aktivinə yazılan qızıl medalların sayı 12-yə çatıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri “Baku Crystal Hall”da keçirilən yarışlarda idmançılarımızın final qarşılaşmalarını izləyiblər.

Kişilər arasında 80 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşuldu. İlk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gələn və bu görüşdən qələbə ilə ayrılan Harçeqani dörddə bir finalda Böyük Britaniya idmançısı Muhammed Lutalonu 17:5 hesabı ilə məğlub etdi. Azərbaycan idmançısı yarımfinalda portuqaliyalı Julio Ferreyra ilə döyüşdü və 6:2 hesabı ilə qalib gələrək finala çıxdı. Finalda rəqibi Rusiya idmançısı Albert Quanı 9:4 hesabı ilə məğlub edən Milad Beiqi Harçeqani birinci Avropa Oyunlarının növbəti çempionu oldu.

Sonra mükafatlandırma mərasimi oldu.

Prezident İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.

Qalib idmançının şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndi, dövlət bayrağı ucaldıldı.

Qadınlar arasında 67 kiloqram çəkidə dünya çempionumuz Fəridə Əzizova isə birinci Avropa Oyunlarında ilk döyüşünü Yoyse Van Baarinə qarşı keçirdi. Bu qarşılaşma idmançımızın qələbəsi ilə yekunlaşdı - 2:0. Taekvondoçumuz dörddə bir finalda türkiyəli Nur Tatarı 6:2 hesabı ilə məğlub etdi. Fəridə Əzizova finala gedən yolda isveçli Elin Yohanssonla qarşılaşdı və rəqibinə 4:2 hesabı ilə qalib gəldi. Finalda Rusiya idmançısı Anastasiya Barişnikovaya məğlub olan Fəridə Əzizova bununla birinci Avropa oyunlarının gümüş mükafatını qazandı.