YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəf reallıqların təqdimatıdır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri   

Dövlət başçısı İlham Əliyev 28 may tarixində Laçın şəhərinə qayıdan əhali ilə görüşündə bu rayonda aprılan bərpa-quruculuq işlərinin fonunda bütün işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin aydın mənzərəsinin yarandığını bildirdi: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.”

Ölkə Prezidentinin Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Laçında qısa zamanda, 8 ay ərzində görülən işlərin miqyası o qədər böyükdür ki, bu, sonda ilkin mərhələ olaraq laçınlıların Laçın şəhərinə qayıdışına yol açdı. İlk 20 ailə artıq Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaq. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıb. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Dövlət başçısı İlham Əliyev bildirdi ki, amma bu, hələ tam proqramımız deyil: “Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək.”

Mənfur düşmən 30 il şəhər və kəndlərimizi dağıdıb. İki ildən artıq dövrdə aparılan bərpa-quruculuq işləri çərçivəsində Ağalı, Talış kəndləri sahibinə qovuşdular. 28 May-Müstəqillik Günündə növbəti xoşbəxtliyin ünvanı laçınlılar oldu. Cənab İlham Əliyev 2023-cü ilin hədəflərini açıqlayarkən laçınlıların ilin sonuna qədər Laçına qayıdacaqlarını bildirmişdir. Göründüyü kimi, işlərin sürətlə aparılması bu hədəfə daha tez nail olmağımıza səbəb oldu. Bu ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək. Məlum olduğu kimi,  Zabux və Sus kəndləri də Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilmişdir.

Azərbaycan tarixi Zəfəri ilə torpaqlarına sahib çıxan xalq olduğunu təsdiqlədi. Hələ 30 illik işğal dövründə Azərbaycan ən yüksək tribunalardan bəyan edirdi ki,  bir qarış torpağımızı belə düşmənə verməyəcəyik.

Dövlət başçısı İlham Əliyev sözügedən görüşdə bir daha diqqəti həmin dövrün reallıqlarına yönəltdi. “Danışıqlar zamanı müxtəlif mərhələlər olub, müxtəlif məqamlar olub. Təzyiqlər də olub, hədələr də olub və bəziləri bizi işğalla barışmaq üçün böyük səylər göstərirdilər. Ancaq bizim əyilməz mövqeyimiz, iradəmiz bütün bu səyləri alt-üst etmişdir. Mən deyirdim ki, heç bir güzəşt ola bilməz. “Beş rayon bizə qaytarılsın, iki rayon qalsın əbədi ermənilərin nəzarəti altında” - bu, mümkün deyil” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, bir kəndi də güzəştə getmək fikrində deyildik və bu gün bunu sübut etdik. Aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır: “Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq… Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik… Hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır.”

Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistana ünvanladığı mesajları ilə bir daha bu reallığı təsdiqləyir ki, sülh müqaviləsinin imzalanması qaçılmazdır.