YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstənilən nəticəni əldə etməyə qadirik

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Tarixi sahibinə qovuşmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinin miqyasını təsəvvür etmək üçün təkcə dövlət başçısı İlham Əliyevin mayın 27-də  Kəlbəcər və Laçın rayonlarına reallaşdırdığı səfərlər çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Bütün bunlar Azərbaycan dövlətinin gücünü, qüdrətini, tarixi torpaqlarında yeni həyatın başlanması istəyini nümayiş etdirir. Müzəffər Ali Baş Komandan İlham Əliyev   ötən il avqustun 26-da xalqa “Biz Laçın şəhərinə qayıtdıq” müjdəsini verdi, sentyabr ayında bu rayona səfər edib şəhərin mərkəzində  Azərbaycan Bayrağını ucaltdı və bunlan sonra genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi. Qısa zamanda, 8 ay ərzində görülən işlərin miqyasının ölçüyəgəlməzliyi 28 May-Müstəqilik Günündə dövlət başçısı İlham Əliyevin Laçına qayıdan əhali ilə görüşündə, onlara evlərin açarının verilməsində özünün aydın ifadəsini tapır.  Görülən işlərin və qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin fonunda cənab İlham Əliyev bildirdi ki, Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.”

Torpaqlarımızın işğaldan azad edilməsini qürurunu yaşamaqla bərabər, hər zaman 30 illik işğal dövründə yaşadığımız faciələri də təhlil edir, ərazilərimizin işğalını şərtləndirən amilləri bir daha diqqətə çatdırmağı vacib bilirik. Çünki bunlar çoxəsrlik tariximizin faciəli səhifələridir. Tariximizin hər bir səhifəsini öyrənmək və indiki, gələcək nəsillərə çatdırmaq hər kəsin vətəndaşlıq borcudur.

Reallıq budur ki, 1992-ci ilin may ayında Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə əl atdı, Şuşanı, Laçını düşmənə təhvil verdi. “Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi,-ilk növbədə, sizin üçün, çünki siz artıq doğma torpaqlarda yaşaya bilmirdiniz,- eyni zamanda, gənc, müstəqil Azərbaycan üçün” söyləyən dövlət başçısı bildirmişdir ki,  Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu. Müstəqilliyimizin bərpasının heç bir yaşı tamam olmamışdı. Mənfur düşmən ölkəmizə qarşı artıq açıq təcavüzə keçmişdi. Əfsuslar olsun ki, nə ovaxtkı Azərbaycan rəhbərliyi, nə də rəhbərliyə can atan müxalifət qüvvələri öz məsuliyyətini dərk edə bilməmişlər. Bir çox hallarda hər ikisi xəyanət törətmişdir.

Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqları hər kəsə məlumdur. Ölkəmiz müstəqilliyini itirmək təhlükəsini yaşayırdı. Ölkədə həm iqtisadi, siyasi, hərbi böhran hökm sürürdü. Hakimiyyət uğrunda mübarizə gedirdi. Vətəndaş müharibəsi alovlanırdı. Bütün bu işlərin səbəbkarı o vaxt Xalq Cəbhəsi-Müsavat cütlüyünün mənfur fəaliyyəti idi.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı böyük faciələrdən xilas etdi. Ulu Öndərin gərgin səyləri nəticəsində 1994-cü il 12 may tarixində Ermənistanla atəşkəs sazişinin imzalanması ölkəmizin həyatında yeni mərhələnin başlanmasını təmin etdi. İctimai-siyasi sabitlik təmin edildi, digər sahələrdə davamlı uğurlara imza atıldı. 1993-cü ilin oktyabr ayından – Ümummilli Liderin prezident seçilməsindən bu günə qədər Azərbaycan sabitlik məkanı, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib.

“Görün, bu tarixlərin - yəni, Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var”, - söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, 1992-ci ilin may ayında Laçın işğal altına düşdü, 31 il sonra may ayında laçınlılar Laçına qayıtdı. Aprel ayında isə Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin qurulması ilə ərazi bütövlüyümüzü tam bərpa etdik. Dövlət başçısı bu məqamı böyük qürur hissi ilə qeyd etdi ki, bütün bu reallıqları yaradan biz olmuşuq.