YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Cənubi Qafqaz regionunda təhlükəsizlik arxitekturasını gücləndirir

BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı keçirilən iclasında Azərbaycana qarşı səslənən bütün ittihamların absurd olması, bu müzakirələrin təşəbbüskarı olan Fransanın, eləcə də həmin təşkilatın özünün qeyri-ciddiliyini göstərdi. Avqustda keçirilən müzakirələr artıq Qarabağ mövzusunun Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılmasının mənasızlığını göstərdi. Təhlükəsizlik Şurası mənasız müzakirələr üçün hər ay eyni mövzu ətrafında toplananda təşkilatın özünü, xüsusilə təşəbbüskarları nüfuzdan salır.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva səsləndirib.

Deputat bildirib ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən çağırılan və Qarabağdakı lokal antiterror tədbirlərinə həsr olunan BMT Təhlükəsizlik Şurasının iclası rəsmi Parisin və İrəvanın növbəti iflasını şərtləndirdi. Belə ki, Fransanın moderatorluğu ilə hazırlanan budəfəki “oyun” da boşa çıxdı. Çünki Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana müraciət edərək antiterror tədbirlərini “dayandırmaq” və “beynəlxalq hüququn normalarına riayət etmək tələbi” də yersiz idi. Birincisi, Azərbaycan özünün suveren hüquqlarından istifadə edərək və terror təhdidinə cavab olaraq bu lokal antiterror tədbirlərinə başlamışdı. Eyni zamanda, Azərbaycan bu addımı atmaqla beynəlxalq hüquqa və konvensiyalara əsaslanmışdı ki, bu da rəsmi Parisin “unutduğu” nüanslardan sayıla bilərdi.

Deputatın sözlərinə görə, Fransa və Ermənistanın apardıqları yalan təbliğat bütövlükdə ifşa olundu. İclasın gedişatı bir daha onu sübut etdi ki, bütün dövlətlər reallıqları görür və dəyərləndirir. Azərbaycanın Cənubi Qafqaz regionunda formalaşdırdığı ən mühüm reallıqlardan birinin - təhlükəsizlik arxitekturasının gücləndirilməsi olması faktı ortadadır. Bu istiqamətdə atılan addımlar arasında 23 saatlıq antiterror tədbirləri mühüm əhəmiyyət daşıyır. Bir sutka davam edən antiterror tədbirlərinin həyata keçirilməsi isə həm də suveren hüquqlarımızın bərpası baxımından qanunauyğundur. Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Sadəcə olaraq, Ermənistan üçtərəfli Bəyanatdan ötən müddət ərzində özünün silahlı birləşmələrini Qarabağdan çıxarmamaqla sülhü və təhlükəsizliyi sabotaj edirdi. Sentyabrın 20-də təslim olan erməni silahlıları, bəyan edildiyi kimi, bütün silah-sursatlarını təhvil verir. Azərbaycan Cənubi Qafqazın sabit və inamlı inkişafı üçün təhdid yaradan bu amili də birdəfəlik ortadan qaldırdı.

"Digər bir məqam da var ki, Təhlükəsizlik Şurasının iclasından bir gün əvvəl artıq antiterror tədbirləri başa çatmışdı. Erməni silahlıları ağ bayraq qaldırmışdılar və Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlax şəhərində müsbət atmosferdə görüş keçirilmişdi. Belə olan halda, Fransa kimi regiondan kənar ölkələrin BMT Təhlükəsizlik Şurası müstəvisində hansısa addım atmaq cəhdləri öz lüzumsuzluğunu ortaya qoydu. Eləcə də Azərbaycanın xarici işlər naziri iclasda real həqiqətləri dünya ictimaiyyətinə çatdırdı. Beləliklə, bu iclas Ermənistan və onun havadarlarının iflası oldu. Bütün əngəllərə baxmayaraq, Qarabağ ermənilərinin reinteqrasiya prosesi başlayıb və bu prosesin uğurla başa çatacağına inanırıq. Ona görə də kənar qüvvələrin bu prosesə müdaxiləsi yolverilməzdir”, - deyə deputat vurğulayıb.