YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Özbəkistanın “sharh.uz” və “uchildiz.uz” portallarında birinci Avropa Oyunları haqqında məqalə yerləşdirilib

Özbəkistanın “sharh.uz” və “uchildiz.uz” portallarında “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı geniş məqalələr yerləşdirilib.

Oxucuların diqqətinə rus dilində çatdırılan yazılarda bildirilib ki, iyunun 17 günü ərzində dünya idman ictimaiyyətinin diqqəti Azərbaycana yönəlib. Tarixdə ilk dəfə Bakıda keçirilən Avropa Oyunları uğurla başa çatıb. İdmançılar, nümayəndə heyətlərinin üzvləri və tamaşaçılar Oyunların yüksək səviyyədə təşkil olunmasından məmnunluqlarını dönə-dönə vurğulayıblar.

Qeyd olunub ki, bu mötəbər yarışda Rusiya birinci, Azərbaycan ikinci, Böyük Britaniya üçüncü yerləri tutub. Azərbaycan ümumilikdə 56 medal qazanıb ki, bunun da 21-i qızıldır.

Diqqətə çatdırılıb ki, Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bağlanış mərasimindəki çıxışı böyük maraqla və stadiondakı izdihamın sürəkli alqışları ilə qarşılanıb. Yazıda qeyd olunub: “Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxışında bildirib ki, gələn il Bakıda 42-ci Şahmat Olimpiadası və “Formula-1” Avropa Qran-pri yarışları keçiriləcək. 2017-ci ildə biz dördüncü İslam Həmrəylik Oyunlarını qəbul edəcəyik. Nəhayət, 2020-ci ildə futbol üzrə Avropa çempionatının matçları şəhərimizdə təşkil olunacaq”.

Həmçinin yazılarda Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin Bakıda keçirilən birinci Avropa Oyunlarının təşkilinə yüksək qiymət verdiyi və bu mühüm yarışların Azərbaycanın böyük uğuru adlandırdığı vurğulanıb.

Məqalələrdə birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimini əks etdirən çoxlu sayda fotoşəkillər də təqdim olunub.