YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabitlik və inkişaf mərhələsi

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

90-cı illərin əvvəli Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən ölkəmizin üzərində qara buludlar əsməyə başladı. Bir tərəfdən Ermənistanın təcavüzü, digər tərəfdən həyata keçirilən yanlış siyasət nəticəsində ölkənin vətəndaş müharibəsinə sürüklənməsi Azərbaycanı uçuruma aparırdı. Ölkəmizin müstəqilliyi təhlükə altında idi.

Həmin dövrdə ölkəni bu ağır durumdan yalnız güclü dövlət idarəçiliyi təcrübəsinə malik, qətiyyətli və möhkəm iradəli şəxs çıxara bilərdi. Artıq gözlər Naxçıvana yönəlmişdi. Hamı Azərbaycanın bu durumdan yalnız Ulu Öndər Heydər Əliyevin çıxaracağını düşünürdü.

Heç şübhəsiz ki, əgər həmin dövrdə Ulu Öndər hakimiyyətə gəlməsə idi, bu gün Azərbaycanın hansı durumda olacağını təsəvvür etməyin özü belə çox çətin olardı.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı üçün, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürürdü. Vəziyyətin günü-gündən daha gərginləşməsi ilə ölkənin o dövrdəki rəhbərliyi də Dahi siyasətçini Bakıya dəvət etməyə məcbur oldu. Beləliklə bütün riskləri göz önünə alaraq Heydər Əliyev xalqın çağırışını nəzərə aldı, hakimiyyət sükanına əyləşdi.  1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.

Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri seçildiyi ilk gündən etibarən ənənələrinə sadiq qalaraq idarəçilikdə aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verilməyə başlanıldı. Beləcə ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Qısacası parlamentarizm ənənələri qorunub yaşadıldı.
Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əlirza oğlu Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu isə bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Ulu Öndərin həmçinin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrlərdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada, eləcə də müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edildi. Bütün bunlar Ulu Öndərin hakimiyyətə qayıdışından sonra baş verən mühüm proseslərin ancaq bir hissəsidir deyə bilərik.

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin etmişdir. Həmin illərdə ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamış, görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoymuş və beynəlxalq aləmdə daxili siyasətlə bağlı olan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirmişdir.

Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Ulu Öndər Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı.

Beləliklə, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Qısa müddətdən sonra Azərbaycan sabitlik və inkişaf mərhələsinə qədəm qoydu.

Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, sosial-iqtisadi dirçəlişə, dövlətimizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyinin gücləndirilməsinə imkan verdi. Sosial ədalət, milli həmrəylik təmin edildi. Beləliklə, Azərbaycanda ictimai-siyasi vəziyyətin böhranlı, qarşısının alınmasının qeyri-mümkün olduğu bir dönəmdə öz həyatını belə təhlükə altında qoyaraq baş verə biləcək təhlükələrin qarşısını almaq üçün bütün məsuliyyəti öz çiyinlərinə götürdü və bütöv bir xalqın, millətin xilaskarına çevrildi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.” Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Heydər Əliyevin gərgin əməyinin nəticəsidir;

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək yeni tariximizi öz əlləri ilə yazdı. Qısa bir zaman kəsiyində ulu öndər respublikamızın iqtisadi yüksəlişinə nail olmuş, onun beynəlxalq nüfuzunu yüksəltmişdir. “İqtisadiyyatı güclü olan xalq hər şeyə qadirdir” deyən ulu öndərin rəhbərliyi ilə ölkəmizin iqtisadi həyatında taleyüklü dəyişikliklərin əsası qoyuldu, iqtisadiyyatımızın yüksəlişi üçün tədbirlər görülməyə başladı. O, ölkəmizə rəhbərlik etdiyi bütün zamanlarda xalqımızın taleyində, dövlətimizin həyatında elə bir rol oynayıb ki, xalq da onu əsrlər boyu unutmayacaq. Ulu öndər bütün həyatı və fəaliyyəti boyu xalqa arxalanmışdı. O, bu barədə demişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və ən şanlı səhifələrindəndir. Heydər Əliyev özünün şərəfli fəaliyyətində həmişə xalqa arxalandığı kimi, xalq da həmişə ona arxalanırdı, ona etibar edir və ən ağır günlərində ona pənah aparmışdı. Dahi öndərimiz də ən böhranlı məqamlarda xalqının səsinə səs vermiş və onu baş verə biləcək təhlükələrdən qoruyub, xilas edərək inkişaf və tərəqqi yoluna çıxarmışdır. Heydər Əliyev sanki bu dünyaya elə öz xalqı üçün, onun xoşbəxt gələcəyinin təmin olunması, səadəti, tərəqqisi üçün gəlmişdi. Həqiqətən, ölkəmizdə ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi, Azərbaycanın dünya miqyasında ən inkişaf etmiş ölkələr sırasında olması üçün göstərdiyi fədakar, titanik fəaliyyəti sanki onun tale, ömür yolu olmuşdur.

Ulu Öndərin ən böyük arzusu Azərbaycan xalqını müstəqil, qalib, torpaqlarımızı işğaldan azad edilmiş görmək idi. Azərbaycan xalqı Ulu Öndərin Dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda fədakarlığını heç zaman unutmayacaq.