YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Romada “Azərbaycan: mədəniyyət, cəmiyyət və iqtisadiyyat” mövzusunda konfrans keçirilib

Azərbaycan-İtaliya Assosiasiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və İtaliyanın Coğrafiya Cəmiyyətinin (ICC) birgə təşkilatçılığı ilə Romada “Azərbaycan: mədəniyyət, cəmiyyət və iqtisadiyyat” mövzusunda konfrans keçirilib.

Tədbirin moderatoru, Roma Tor Verqata Universitetinin aparıcı tədqiqatçısı Simone Bozzato Azərbaycan ilə İtaliya arasındakı dostluq əlaqələrindən danışıb. Bildirib ki, münasibətlərimizin dərinləşməsində hər iki ölkənin parlamentlərində fəalliyyət göstərən dostluq qruplarının xidməti böyükdür. Tədbir ölkələrimiz arasında müxtəlif sahələrdə inkişaf etməkdə olan münasibətlərin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir.

Konfransın təşkilatçılarına minnətdarlığını bildirən Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun rəhbəri Azər Kərimli ICC-nin nümayəndələrinin Azərbaycana səfərini xatırladıb. Bildirib ki, səfər çərçivəsində ölkəmizdə mövcud olan multikulturalizm və dini birgəyaşayış kimi önəmli məsələlərə xüsusi diqqət ayrılıb.

Bakıda yüksək səviyyədə keçirilən ilk Avropa Oyunları barədə məlumat verən deputat qeyd edib ki, müxtəlif ölkələri təmsil edən 6 min atleti bir araya gətirən bu Oyunlar Azərbaycan üçün qürur mənbəyi oldu. Azərbaycan bu tədbirin ən yüksək səviyyədə təşkili üçün bütün imkanlarından istifadə etdi. Təəssüf ki, Oyunlar ərəfəsində Azərbaycan Avropanın, o cümlədən İtaliyanın bir sıra media qurumları tərəfindən qarayaxma kampaniyasına məruz qaldı.

Azərbaycanın sürətli iqtisadi inkişafından danışan İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sercio Divina ölkəmizin tərəqqisinin göz qabağında olduğunu bildirib. Vurğulayıb ki, Azərbaycan son illər bir sıra mötəbər tədbirlərə ev sahibliyi edir. Bu sırada “Eurovision-2012” mahnı müsabiqəsi və ilk Avropa Oyunlarını xüsusi vurğulamaq olar. Əminik ki, Azərbaycan bundan sonra da mühüm uğurlara imza atacaq.

Roma şəhər meriyasının nümayəndəsi xanım Simonetta Dominici çıxış edərək Azərbaycanda son illərdə müşahidə olunan sürətli inkişaf prosesindən danışıb.

Sonra tədbir “Müasir ssenaridə Azərbaycanın mövqeyi” mövzusunda sessiya ilə davam etdirilib.

Sonda İtaliya-Azərbaycan Assosiasiyasının sədri xanım Paola Kasaqrande ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcək qalib layihələrin müəllifləri olan italiyalı tələbələri elan edib. Onlar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən mükafatlandırılıblar.