YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəsmi Vaşinqton qazın hasilatı və nəqlində Azərbaycana köməyini davam etdirəcək

Azərbaycanın energetika naziri Natiq Əliyev ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib.

Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə regional, Avropa və qlobal səviyyədə enerji təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ-ın etibarlı enerji istehsalçısı və təchizatçısı kimi Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə edilib.

N.Əliyev “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması istiqamətində işlərin qrafikə uyğun aparıldığını bildirib. Bu layihə üzrə Məşvərət Şurasının fevralın 12-də Bakıda keçirilmiş iclasının əhəmiyyətini xüsusi vurğulayıb. Həmin toplantının layihənin siyasi səviyyədə müzakirəyə çıxarılmasına, bütün tranzit ölkələrdə yarana biləcək mümkün problemlərin müzakirəsinə və çıxış yollarının birgə axtarılmasına şərait yaratdığını diqqətə çatdırıb.

Energetika nazirinin sözlərinə görə, Azərbaycan enerji layihələri ilə əlaqədar üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Ölkəmizin bu sahədə möhkəm hüquqi bazaya, güclü tərəfdaşlara və imkanlara malik olması buna şərait yaradır.

N.Əliyev TAP ətrafında müşahidə olunan problemlərdən də söz açaraq ABŞ-ın bu məsələdə mövqeyini yüksək qiymətləndirib: “BTC nümunəsi də təsdiqləyir ki, iri enerji layihələrinin həyata keçirilməsi üçün siyasi dəstək çox vacibdir. "Cənub Qaz Dəhlizi", onun bir hissəsi olan TAP-ın reallaşması üçün də belə dəstək mühüm əhəmiyyət kəsb edir”.

ABŞ-ın ölkəmizdəki səfiri R.Sekuta isə bildirib ki, rəsmi Vaşinqton qazın hasilatı və nəqlində Azərbaycana köməyini bundan sonra da davam etdirəcək.

Görüşdə Yunanıstanda cərəyan edən hadisələrin enerji layihələri və dünya bazarında neftin qiymətinə təsiri, Transxəzər qaz kəməri və “Türk axını” layihələri ətrafında da geniş fikir mübadiləsi aparılıb.