YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amos Hokstayn: “Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinə təminat verən layihədir

“Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinə təminat verən layihədir və ABŞ Azərbaycanın strateji tərəfdaşı kimi gələcək layihələrə də dəstək verəcək.

Energetika Nazirliyindən bildirilib ki, bu sözləri Azərbaycanın energetika naziri Natiq Əliyev ilə görüşündə ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn deyib.

Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin, o cümlədən enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında enerji əməkdaşlığının yüksək səviyyədə olduğu qeyd edilib və bu sahədə əlaqələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Natiq Əliyev “Cənub” qaz dəhlizi layihəsinin enerji təhlükəsizliyi baxımından yüksək perspektivlərindən bəhs edərək, qonaqlara Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib.

A.Hokstayn isə bildirib ki, “Cənub” qaz dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə təminat verən layihədir və ABŞ Azərbaycanın strateji tərəfdaşı kimi gələcək layihələrə də dəstək verəcək. “Cənub” qaz dəhlizinin reallaşdırılması istiqamətində işlərin gedişatını müzakirə etmək məqsədilə Azərbaycan tərəfindən ilin sonunda layihə üzrə Məşvərət Şurasının ikinci iclasının keçirilməsi təklif edilib.