YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatı inkişaf edir

“Altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, baxmayaraq ki, neftin qiyməti aşağı səviyyədədir. Baxmayaraq ki, qonşuluqda iqtisadi vəziyyət hələ ki, o qədər də müsbətə doğru dəyişməyib, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bax, indi gətirəcəyim rəqəmlər bunu göstərəcək və sübut edəcək ki, bu, doğrudan da tarixi nailiyyətdir. Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni, bundan yuxarı nəticə ola bilməz. Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir.” Bu fikirləri iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqi zamanı söyləyib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda inflyasiya aşağı səviyyədədir - 3,5 faiz: “Əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyir və 6,2 faiz artmışdır. Kənd təsərrüfatı 7 faizdən çox artmışdır, daha doğrusu, 7,3 faiz. Bu da son illər ərzində ən yüksək artım tempidir. Bu da görülən işlərin nəticəsində mümkün olmuşdur.”

“Ölkəmizə 6 ayda 12,7 milyard manat sərmayə qoyulmuşdur. Bu da çox böyük rəqəmdir və bu birinci 6 ayda xarici investisiyalar üstünlük təşkil edir. Son illərdə biz görürdük ki, daxili investisiyalar üstünlük təşkil edir. Bu ilin 6 ayında isə xarici sərmayə üstünlük təşkil edir. Bu da müsbət haldır, çünki yenə də göstərir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur.”-deyə, Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı daha sonra qeyd edib ki, birinci 6 ayda ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılmışdır ki, onlardan 48 mini daimi iş yeridir. Ancaq biz bu statistikaya fikir verəndə mütləq bağlanan iş yerlərini də diqqətdən qaçırmamalıyıq. Bilirəm ki, bəzi yerlərdə iş yerləri bağlanıb. Ona görə, ilk növbədə, bunun səbəbləri araşdırılmalıdır. Digər tərəfdən, bu, statistika da açılan iş yerləri ilə bərabər verilməlidir ki, biz təhlili düzgün aparaq. Bu, əslində hər bir ölkədə olan bir vəziyyətdir. İş yerləri açılır, bağlanır. Burada əsas balans məsələsidir, nə qədər açılıb, nə qədər bağlanıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda, ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir: “Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirir. Biz və Azərbaycan xalqı bunu gündəlik həyatda görürük. Hesab edirəm ki, iş yerlərinin açılması daimi proses olmalıdır, çünki əhali artır və potensial kifayət qədər böyükdür.”