YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Cari ilin ilk 6 ayı ərzində sosial öhdəliklər vaxtında və tam yerinə yetirilib

«Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti bir tərəfdən ölkənin zəngin enerji resurslarının dünya bazarlarına nəqlinə imkan verən layihələrin reallaşdırılmasına və Azərbaycanın gəlirlərinin sürətlə artmasına, digər tərəfdən isə bu gəlirlərin səmərəli idarə edilməsi və iqtisadiyyatın şaxələndirilməsi üzrə ardıcıl islahatların həyata keçirilməsinə, qısa müddətdə ölkə vətəndaşlarının rifah səviyyəsinin əsaslı surətdə yüksəlməsinə gətirib çıxarıb». Bu fikirləri Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S.Müslümov bidirib ki, cari ilin ilk 6 ayı ərzində sosial öhdəliklər vaxtında və tam yerinə yetirilib, işsizliyin və yoxsulluğun azaldılması, əlillərin və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, əhalinin real gəlirlərinin və sosial ödənişlərin artırılması üçün bir sıra tədbirlər həyata keçirilib. Onun sözlərinə görə, ötən 6 ay ərzində respublika üzrə orta hesabla 112 min ailənin 490 min üzvünə, yəni, ölkə əhalisinin 5 faizinə ünvanlı dövlət sosial yardımı verilib ki, bu da əvvəlki ilə nisbətən 20 faiz azdır. Hesabat dövründə 414 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 54 min nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib.

«İlin birinci yarısında ünvanlı sosial yardımların, aylıq və birdəfəlik sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən 248 milyon manat vəsait xərclənib. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzil və fərdi evlərlə təmin olunması proqramı çərçivəsində iyun ayında Tərtər rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilib, hazırda isə İmişli, Beyləqan, Şamaxı və Bakı şəhərlərində ümumilikdə 238 mənzili olan çoxmərtəbəli 4 yaşayış binası və 52 rayonda 375 fərdi evin inşası, eləcə də 165 mənzilin alınması işləri davam etdirilir. Bakı şəhərində gözdən əlillər üçün 132 mənzilli 12 mərtəbəli binanın tikintisi tamamlanmaq üzrədir. Əlilliyi olan şəxslərə il ərzində ümumilikdə 964 mənzilin və fərdi evin verilməsi təmin ediləcəkdir»- deyə, nazir vurğulayıb.