YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniya parlamentində “Chatham House”a etiraz bildirilib

Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun katibi Bob Bləkmən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyanın Londonda “Chatham House” - Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən tədbirə dəvət olunması faktını pisləyib.

Avropa Azərbaycan Cəmiyyətindən bildiriblər ki, deputat ötən həftənin sonunda Böyük Britaniya parlamentinin iclasında nitq söyləyərkən “Chatham House”un Bako Saakyanı Londona dəvət etməsi qərarına etirazını bildirib. O, üzünü parlament üzvlərinə tutaraq sual edib ki, heç bir ölkə, hətta Ermənistanın özünün belə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımadığı halda özünü onun başçısı kimi təqdim edən şəxsə “Chatham House” tərəfindən diqqət yetirilməsi nə dərəcədə doğru qərardır?

B.Bləkmən diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonun zəbt olunması, 1 milyondan çox azərbaycanlının isə öz ata-baba yurdundan qovularaq qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnib. Deputat deyib:

“Düşünürəm ki, həmin insanlara qarşı ədalətsizlik törədən bir şəxsin hər hansı təşkilat tərəfindən bu ölkəyə dəvət olunması və ona çıxış etmək üçün tribuna verilməsi olduqca yanlış bir qərardır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair 4 qətnamə qəbul edib və onların icrası hələ də həyata keçirilməyib. Azərbaycan vətəndaşlarından daxil olan şikayətlərdə bildirilir ki, BMT-nin razılaşdırılmış qaydada qəbul etdiyi qətnamələr əsasən dərhal yerinə yetirildiyi halda, onlara aid məsələdə isə ədalətin bərqərar olunmasını 20 ildən çoxdur ki, gözləyirlər”.