YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Bizim xarici siyasətlə bağlı təşəbbüslərimiz gözəl nəticələr verir

Bizim xarici siyasətlə bağlı təşəbbüslərimiz gözəl nəticələr verir. Biz xarici siyasətdə ikitərəfli formata üstünlük veririk. Mən hesab edirəm ki, bu, ən məqbul formatdır. Əlbəttə, digər formatlar da vardır. Onlardan da istifadə olunur. Ancaq ikitərəfli format ən böyük səmərə verən formatdır. Bütün ölkələrlə bizim yaxşı münasibətlərimiz vardır.

Bu fikirləri Prezident İlham Əliyev 28 May-Respublika Gününə həsr olunmuş rəsmi qəbuldakı nitqində bildirmişdir.

Azərbaycan Prezidenti demişdir: “Biz çalışırıq, çalışacağıq ki, ikitərəfli münasibətləri həm region ölkələri ilə, həm də başqa ölkələrlə inkişaf etdirək. Buna nail olmaq üçün böyük imkanlar vardır. O cümlədən bizim artan iqtisadi imkanlarımız və yeni investisiya siyasətimiz vardır. Biz artıq investisiyaları xarici ölkələrə yönəldirik. Beləliklə, xarici tərəfdaşlar üçün Azərbaycan təkcə bir siyasi mərkəz kimi yox, eyni zamanda, bir investisiya mənbəyi kimi də maraqlıdır.
Əlbəttə ki, ilk növbədə, qonşu ölkələrlə münasibətlər daha da möhkəm olmalıdır. Burada bizim bütün qonşu ölkələrlə, təbii ki, Ermənistan istisna olmaqla, fikirlərimiz üst-üstə düşür. Bütün qonşularla münasibətlər bərabər hüquqlu, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qurulmuşdur. Gələcəkdə qonşu ölkələrlə əməkdaşlıq bizim xarici siyasətimiz üçün prioritet olaraq qalacaqdır”.

Həm iqtisadi sahədə, həm də regional əməkdaşlıq sahəsində böyük imkanların olduğunu qeyd edən Prezident İlham Əliyev vurğulamışdır ki, ikitərəfli formatdan maksimum dərəcədə fayda götürməliyik. Azərbaycanının təşəbbüsü ilə artıq bir neçə üçtərəfli formatın da yaradıldığını diqqətə çatdıran dövlətimizin başçısı Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Bakıda keçirilən birinci üçtərəfli görüşünü qeyd etmiş və vurğulamışdır ki, biz buna böyük əhəmiyyət veririk. Prezident İlham Əliyev demişdir ki, bundan əvvəlki dövrdə Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran üçtərəfli formatları olmuşdur. Artıq bu formatlar fəaliyyət göstərir və hər üç formatda Azərbaycan öz yerini tutur. Regional təhlükəsizlik, əməkdaşlıq, siyasi və iqtisadi maraqlarımızın təminatı üçün bu formatlar çox böyük məna daşıyır. Biz gələcəkdə bu üçtərəfli görüşləri davam etdirəcəyik və bu, artıq mütəmadi xarakter almışdır.