YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəbələdə “Moskva Virtuozları” Kamera Orkestrinin konserti olub

Qəbələ VII Beynəlxalq Musiqi Festivalı davam edir.

Festivalın proqramına uyğun olaraq iyulun 30-da Heydər Əliyev adına Konqres Mərkəzinin qarşısındakı parkda quraşdırılan səhnədə “Moskva Virtuozları” Kamera Orkestrinin konserti olub. Tanınmış dirijor Pol Mayerin rəhbərliyi ilə keçirilən konsertdə “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru, “Grammy” mükafatı laureatı olan violonçel ifaçısı, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonski (ABŞ-Rusiya) də çıxış edib. Ansambl çıxışı zamanı yüksək sənətkarlıq, fərdi ifa üslubu nümayiş etdirməyə çalışıb və tamaşaçılara əvəzsiz təəssüratlar bəxş edib. Avropa səviyyəsinə uyğun ifa tərzi ilə seçilən ansamblın konsertində V.A.Motsartın, Y.Haydnın və K.Veberin əsərləri səsləndirilib.

Konsertdə yerli və xarici tamaşaçılara məlumat verilib ki, “Moskva Virtuozları” Kamera Orkestri 1979-cu ildə məşhur skripkaçı Vladimir Spivakov tərəfindən yaradılıb. Mahir skripkaçı, dirijor və ictimai xadim olan Vladimir Spivakov “Moskva Virtuozları” Kamera Orkestrinin bədii rəhbəri, baş dirijoru və solistidir. Kollektiv 2003-cü ildən başlayaraq müntəzəm olaraq Moskvanın Beynəlxalq Musiqi Evində məşq edir.

Xatırladaq ki, iyulun 31-də Qəbələ səhnəsində “Moskva Virtuozları” Kamera Orkestrinin növbəti konserti olacaq. Həmin gün festival çərçivəsində keçirilən III Qəbələ Beynəlxalq Piano Müsabiqəsinin qaliblərinin konserti və tədbirin bağlanış mərasimi keçiriləcək.