YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Xarici İşlər Nazirliyi German Sterliqovun beynəlxalq axtarışa verilməsinin səbəbini açıqlayıb

German Sterliqov və onun erməni hüquqşünas havadarları öz hüquqi savadsızlıqlarını bir daha nümayiş etdirirlər. Bu şəxsin Azərbaycan Respublikasının suveren ərazisində törətdiyi cinayət əməllərinin tərkib əlamətləri nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib.

Bu fikirləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, German Sterliqov Rusiya Federasiyasının vətəndaşıdır və müvafiq olaraq da Rusiya Interpol-un tam hüquqlu üzvüdür. 1956-cı ildən etibarən beynəlxalq təşkilat statusu alan Interpol dövlətlərarası beynəlxalq qurumdur.

German Sterliqov əsasən Interpol-un üzvü olan Ermənistan və Rusiya istiqamətində hərəkət marşrutunu həyata keçirir və bu amil də nəzərə alınaraq onun barəsində Interpol vasitəsilə axtarış verilib.

Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqda aydın şəkildə müəyyən olunmuş işğal rejimi mövcuddur. Ermənistanın bu əraziləri işğal etməsi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərdə, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Avropa İnsan Hüquqları Məhkəməsinin “Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarda hüquqi baxımdan bir daha öz təsbitini tapıb.

Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilər narkotik maddələrin istehsalı, tranziti və ticarəti, terrorçuların hazırlığı, silah qaçaqmalçılığı, adam oğurluğu kimi hər növ ağır cinayət əməllərinin həyata keçirilməsi üçün münbit ərazidir. İstisna deyil ki, Rumıniyada tutulan böyük həcmli heroin də məhz işğal olunmuş ərazilər və Ermənistan vasitəsilə Rumıniyaya aparılıb. Hazırda bu məsələ araşdırılır.

Konkret cinayətlərdə ittiham olunan və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Sterliqovun məsuliyyətdən qaçaraq işğal olunan ərazilərdə gizlənməsi bir daha sübut edir ki, bu ərazilərdə münbit kriminal mühit hökm sürür.