YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Üç türkdilli dövlətin xarici işlər nazirlərinin imzaladığı Bəyannamənin böyük siyasi və iqtisadi əhəmiyyəti var

 «Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi  region ölkələri ilə mütamadi olaraq sıx əlaqə saxlayır. Bu baxımdan, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Türkmənistan danışıqları son dövrlərdə çoxşaxəli beynəlxalq siyasi fəaliyyətimizin əsas göstəricilərindən biridir. Bu gün Cənubi Qafqaz və Xəzər hövzəsi dünya enerji bazarına töhfələr verir və dünya enerji bazarında xüsusi yer tutmaq istiqamətində rolunu gücləndirir». Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycan Xəzər hövzəsində özünün ixracatçı mövqeyini gücləndirməklə yanaşı, Mərkəzi Asiyanın da karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında tranzit ölkə kimi xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu baxımdan, Türkmənistan qazının Avropa bazarına çıxarılması bu gün Avropa İttifaqı ilə aparılan danışıqlarda çox vacib yer tutmaqdadır.

«Türkmənistan qazının Avropaya çıxarılması üç türk dövləti arasında daha da  yaxınlaşmanı və qarşılıqlı əməkdaşlığı zəruri edir. Türkmənistan, Azərbaycan və Türkiyə-üç oğuz soyuna mənsub olan türkdilli dövlət təbii ki, öz maraqlarını qorumaq üçün vahid platformadan çıxış etməyi qarşılarına məqsəd qoyublar. Ona görə də, üç ölkənin xarici işlər nazirlərinin Bakı şəhərində keçirdiyi görüş və görüşün yekunu olaraq qəbul edilmiş Bəyannamə bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq baxımından əhəmiyyət kəsb etməklə yanaşı, bölgənin enerji siyasətini də istiqamətləndirir. Bu gün Avropanın enerji bazarına çıxış üçün bu üç dövlətin ortaq məxrəcə gəlməsi çox vacibdir. Hesab edirəm ki, Bakı Bəyannaməsi və sənəddə irəli sürülən müddəalar Avropaya enerji ixracı baxımdan həlledici rol oynayan bir sənəddir. Bu sənədin imzalanmasının böyük siyasi və iqtisadi əhəmiyyəti var. Təbii ki, bu prosesdə Azərbaycan diplomatiyasının rolu danılmazdır. Bilirsiniz ki, Türkiyə üzərindən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri vasitəsilə Xəzər hövzəsinin neft və qazı Avropaya ixrac olunur. TAP və TANAP layihələri bu prosesə böyük təkan verəcək. Türkmənistanın bu layihələr qoşulması isə türkdilli dövlətlərinin birliyinin daha da güclənməsi ilə yanaşı onların beynəlxalq müstəvidə də rolunu və təsirini daha da artıracaq»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.