YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Düşündüyümüz siyasət, aparılan islahatlar ərzaq təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir

“Bu il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilmişdir və şadam ki, bol məhsul götürülübdür. Bu il kənd təsərrüfatı 7 faizdən çox artmışdır. Hər bir ölkə üçün ərzaq təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Biz Azərbaycanda bu məsələləri həll edirik. Çalışırıq ki, Azərbaycan öz ərzaq tələbatını 100 faiz səviyyəsində özü təmin etsin. Buna nail olmaq üçün bütün imkanlar var - torpaqlar, texnika, ondan sonra dövlət tərəfindən ayrılan vəsait. Subsidiyalar, gübrələr, yanacaq verilir. Eyni zamanda, “Aqrolizinq” xətti ilə texnika təmin edilir. Yəni, dövlət öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Fermerlər də bu imkanlardan səmərəli şəkildə istifadə etsinlər ki, kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfəri zamanı avqustun 11-də Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışında çıxışı zamanı söyləyib.

Prezident İlham Əliyev qeyd edib ki, biz öz ərzaq təhlükəsizliyimizi yüz faiz səviyyəsində təmin edə bilərik. Hesab edirəm, bu məqsədə çatmaq üçün bizə bir neçə il lazımdır. Çünki bizim düşündüyümüz siyasət, regionlara qoyulan investisiyalar, eyni zamanda, son vaxtlar aparılan islahatlar ərzaq təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir. Hesab edirəm ki, digər sahələrdə də eyni yanaşma olmalıdır, nəyi özümüz istehsal edə biliriksə istehsal etməliyik.