YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Bakı şəhər rayonları, Sumqayıt şəhər və Abşeron rayon şöbələrinin üzvlərinin toplantısı keçirilib

Avqustun 13-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Bakı şəhər rayonları,  Sumqayıt şəhər və Abşeron rayon şöbələrinin üzvlərinin  qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar toplantısı keçirilib. Tədbirdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli  Əhmədov noyabrın 1-də ölkəmizdə Milli Məclisə növbəti seçkilərin keçiriləcəyini bildirib. Sentyabrın əvvəlində seçki kampaniyasına rəsmi şəkildə start veriləcəyini deyən Əli Əhmədov Yeni Azərbaycan Partiyasının bu seçkilərə bir müddətdir ki, hazırlaşdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, YAP-ın yerli strukturları, partiyanın fəalları hazırlıq prosesinə cəlb olunublar.

«Artıq rayon və şəhər təşkilatlarında  YAP Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. Burada partiyanın fəalları, seçki təcrübəsi olan insanlar fəaliyyət göstərirlər. Ümumiyyətlə, hesab eldirəm ki, YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur. Ölkəmizdə mövcud olan siyasi ab-hava, Prezident İlham Əliyevin siyasətinin uğurları, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının yüksəlməsi, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması, sabitlik, əminamanlıq partiyamızın qələbəsini şərtləndirən əsas amillərdir. Əlbəttə ki, ötən seçkilərdən keçən müddətlə indiki vəziyyəti müqayisə etsək, Azərbaycanda əzəmətli, möhtəşəm inkişaf baş verib, insanların həyatı müsbət mənada əhəmiyyətli dərəcədə dəyişib, bütövlükdə ölkəmiz yeniləşib, müasirləşib. Təbii ki, bu müsbət dəyişikliklər qarşıdan gələn parlament seçklərində YAP-ın parlaq qələbə  qazanmasında mühüm rol oynayacaq»- deyə, YAP Sədrinin müavini vurğulayıb.  

Bu gün müasirləşmə siyasətinin həyata keçirildiyi Azərbaycanda sabitliyin, əmin-amanlığın ən vacib amillərdən olduğunu qeyd edən Əli Əhmədov deyib ki, hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir. Onun fikrincə, insanlar inanırlar ki, qarşıdakı illərdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcəkdir.

YAP Sədrinin müavini qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında Prezident İlham Əliyev ötən illər ərzində ölkəmizin iqtisadiyyatını əhəmiyyətli dərəcədə inkişaf etdirə bilib. “Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib. Ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşdırılması naminə Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük layihələrin həyata keçirilməsi və bu yöndə daha əhəmiyyətli niyyətlərin ortada olması, eləcə də, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması kompleks halda Azərbaycanın yeni imicini formalaşdırıb. Gündən-günə Azərbaycanın bu imici daha da zənginləşir, müasir dövrün tələblərinə uyğunlaşır və beləliklə də, gözlərimizin önündə yeni müasirləşən, modernləşən, müasir dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan formalaşıb. Bütün bunların hamısı Azərbaycanın bugünkü reallığı və siyasi həyatının gerçəkliyi olaraq vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, vətəndaşlar indiki reallıqları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Heydər Əliyev siyasətinin bilavasitə nəticəsi kimi qəbul edirlər”, - deyə YAP Sədrinin müavini vurğulayıb. 
Əli Əhmədov bildirib ki, YAP  növbəti parlament seçkilərinə məhz bu nailiyyətlərləgedir.  “İnsanlar hər bir partiyaya, xüsusilə də, hakimiyyətdə olan partiyaya görülən işlərə görə qiymət verirlər. Biz də növbəti parlament seçkilərinə gedərkən hesab edirik ki, Azərbaycan vətəndaşları onların həyatında, bütövlükdə ölkəmizdə baş verən müsbət proseslərə istinad edərək YAP-ın irəli sürdüyü namizədləri dəstəkləyəcəklər. Çünki hər bir vətəndaş aydın şəkildə dərk edir ki, YAP-ın hakimiyyətdə olması, seçkilərdə uğur qazanması növbəti illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla irəliyə getməsinin əsas şərtidir”. YAP Sədrinin müavini həmçinin qeyd edib ki, seçkilərdə inamlı qələbənin qazanılmasının əsas şərtlərindən biri də səmərəli seçki kampaniyasının təşkil olunmasıdır. Bundan əvvəlki seçkilərdə də partiyanın bu prinsipə sadiq qaldığını deyən Əli Əhmədov YAP-ın böyük, güclü insani potensialının da seçkilərdə uğur qazanılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. «Partiyanın yerli strukturlarında fəaliyyət göstərən seçki qərargahlarının üzvlərinin mütləq əksəriyyəti böyük seçki təcrübəsinə malik olan insanlardır. Hesab edirəm ki, qarşıdan gələn parlament seçkilərində də sizlər öz üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirəcəksiniz. Təbii ki, seçki kampaniyasının səmərəli təşkil olunub həyata keçirilməsi uğurlu nəticələrin əldə olmasında mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu baxımdan, partiyamızın fəalları öz üzərinə düşən vəzifələrin öhdəsindən yüksək səviyyədə gələ biləcəklər» - deyə, YAP Sədrinin müavini vurğulayıb.

Daha sonra toplantıda partiyanın bir sıra yerli təşkilatlarının  seçkilərə hazırlıqla bağlı gördükləri işlər haqqında  məlumatlar dinlənilib.     Eyni zamanda, qarşıdakı dövrdə görüləcək işlərlə bağlı YAP Mərkəzi Seçki Qərargahının Bakı şəhər rayonları,  Sumqayıt şəhər və Abşeron rayon şöbələrinin üzvlərinə tövsiyə və tapşırıqlar verilib.

Toplantıda YAP İcra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak ediblər.