YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ Bəyannaməsi – Gerçək tarixi münasibətlərin yazılı bəyanı

Kamil Qurbanlı

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri

Türk xalqlarının uzun əsrlər boyu xəyal etdikləri birlik artıq formalaşmaqdadır. Bundan ötrü başladılan hadisə və proseslərlə bağlı təşəbbüslərin davamlılığı və intensivliyi artıq onu deməyə əsas verir ki, bu birlik istiqamətində türk dövlətlərinin yürütdüyü siyasət onların hər biri üçün prioritet xarici siyasət istiqamətinə çevrilib. Türk dövlətləri ilə bağlı bu tarixi əhəmiyyətli yeniliklərin önündə inam və əzmlə addımlayan Azərbaycan Respublikasının Prezidenti, Türk dünyasının müzəffər sərkərdəsi cənab İlham Əliyevdir. Məhz onun sayəsində Azərbaycan dövləti hər zaman Türk dünyasının sıx birləşməsi, siyasi, iqtisadi, hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərir. 6 iyun 2024-cü ildə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsü də məhz cənab İlham Əliyevə məxsusdur. Zirvə görüşünün nəticəsi olaraq qəbul edilən Qarabağ Bəyannaməsində əksini tapan müddəalar da qeyd olunan gerçək tarixi addımların məntiqindən doğur.

Böyük coğrafi məkan, müsbət demoqrafik dinamika, güclü hərbi potensial, zəngin təbii resurslar, müasir infrastruktur, çoxşaxəli nəqliyyat dəhlizləri, ənənələrlə müasirliyin vəhdətində daim inkişaf edən tolerant və multikultural mədəniyyət Türk Dövlətləri Təşkilatının formalaşması və inkişafının təməlini möhkəmləndirən mühüm əhəmiyyətli faktorlardır. Buraya din, dil və milli kimlik göstəricilərini əlavə etdikdə onu deyə bilərik ki, bu kimi təməllər üzərində qurulan ikinci bir dövlətlərarası beynəlxalq birlik nümunəsi yoxdur. Bu da imkan verir ki, Türk Dövlətləri Təşkilatı daha intensiv şəkildə intişar tapsın və nəticə etibarı ilə arzusunda olduğumuz tarixi birlik gerçək qlobal siyasi, iqtisadi, hərbi gücə çevrilsin. Dünyada cərəyan edən qlobal siyasi, iqtisadi, həm də hərbi xarakterli hadisə və proseslər bu təşkilatın  və birliyin yaranmasını hər gün daha da zəruri edir.

Odur ki, cənab Prezidentin rəhbərliyi, gərgin və yorulmaz səyləri nəticəsində XXI əsrdə dövlətimizin əldə etdiyi tarixi nailiyyətlər bütün Türk Dövlətlərinin təşkilatlanması yolunda stimula çevrilib. Belə ki, ölkəmizin ildən ilə bütün istiqamətlərdə  yüksələn xətlə inkişafı, güclü iqtisadiyyata və hərbi gücə arxalanan müstəqil siyasəti, 30 ilə yaxın  müddətdə işğalda qalmış torpaqların 44 gün ərzində düşməndən azad edilməsi, azad edilmiş torpaqlarda dünyanın heç bir coğrafiyasında müşahidə olunmayan səviyyədə bərpa və quruculuq işlərinin görülməsi, qısa müddətdə məcburi köçkünlərin öz yurdlarına qayıdışının başlanması  hər bir qardaş Türk Dövləti üçün tarixi birliyə nail olmaq yolunda  mühüm səbəbə çevrilib. Bundan başqa məhz cənab İlham Əliyevin təşəbbüsləri ilə hələ əsası uzun illər əvvəl qoyulmuş, lakin beynəlxalq arenada söz və nüfuz sahibi ola bilməyən, BMT-dən sonra dünyanın ən böyük beynəlxalq  təşkilatı olan Qoşulmama Hərəkatına yeni nəfəs verilməsi, bu hərəkatın  fəaliyyətinin canlandırılması ilə dünyanın bütün dövlətlərinin coğrafiyasının ölçüsündən, əhalisinin sayından asılı olamayaraq söz demək hüquqlarının tanınması istiqamətində atılan addımlar, inkişaf etmiş dövlətlərlə inkişaf etməkdə olan dövlətlərin arasında həmrəyliyin güclənməsi,  4 il müddətində bu təşkilata sədrlik etməklə beynəlxalq münasibətlər sistemində status-kvonun müsbət və mütərəqqi istiqamətə dəyişməsi, COP29 kimi nəhəng beynəlxalq tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi Türk Dövlətləri Təşkilatında təmsil olunan qardaş ölkələrin vahid mövqedən çıxış etmələri və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində daha cəsarətli addımlar atmaları  üçün  əlavə güc verir.

Bütün bunlar onu deməyə əsas verir ki, 6 iyun 2024-cü il tarixində Şuşada imzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qəraralar, Türk dünyasının həmrəyliyini, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək. Beynəlxalq birlik və dünyanın ayrı-ayrı dövlətləri Türk Dövlətləri Təşkilatının simasında mütərəqqi, müasir, milli və bəşəri dəyərlərin vəhdətində qlobal inkişafa töhvələr verməyi hədəfləmiş yeni tarixi birliyin yaranmasına şahidlik  edəcək.