YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ Bəyannaməsi: Böyük hədəflərin sarsılmaz təməli

Əli Hüseynli

Milli Məclisin deputatı

Məlum olduğu kimi, ötən həftə - iyunun 6-7-də Azərbaycanın Zəfər və qürur simvolu, türk xalqlarının birliyinin və həmrəyliyinin yeni rəmzinə çevrilmiş Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Bu sammit Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti kimi Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması baxımından növbəti uğurlu mərhələnin start nöqtəsidir. Ali forum həm də türk dünyasında önəmli mövqeyə malik Azərbaycanın nüfuzunu daha da möhkəmləndirmiş olur.

Qeyd edək ki, TDT dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı qərar  ötən ilin noyabrında Astanada - TDT-nin “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında verilib.     Türk dünyasının mədəniyyət paytaxtından verilən mesajlardan aydın oldu ki, dünyada formalaşan mürəkkəb geosiyasi şəraitdə TDT regional və beynəlxalq güc mərkəzlərinin birinə çevrilməsi üçün kifayət qədər böyük potensiala malikdir.

Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. Bu istiqamətdə bütün üzv ölkələr hər zaman imkanları düzgün dəyərləndirmək və konkret addımlar atmaq niyyətlərini ifadə edirlər.

Zirvə görüşündə imzalanan “Qarabağ Bəyannaməsi” ilə Türk Dünyasının inkişafının yeni yol xəritəsi müəyyənləşdi. Qarşıdakı dövrdə təşkilat öz fəaliyyətini müstəsna siyasi əhəmiyyət kəsb edən bu tarixi sənədin müddəllarında əks olunan istiqamətlər əsasında davam etdirəcək. “Qarabağ Bəyannaməsi”nin imzalanması türk dövlətlərinin birliyini və inkişafını sürətləndirmək üçün daha dərin inteqrasiyaya yol açır. Bu, bütün türk dünyası üçün yeni dönəmin başlanmasının rəsmi təsdiqi deməkdir.  “Qarabağ Bəyannaməsi” türk dünyasının əsas birləşdirici qurumu olan TDT-nin mühüm strateji hədəflərini müəyyənləşdirir. Bu, bütün türk dünyası üçün yeni dönəmin başlanmasının rəsmi təsdiqi deməkdir.

Göründüyü kimi, türk dövlətlərinin və türk liderlərinin tamamilə üst-üstə düşən ortaq məqsədləri və güclü siyasi iradəsi var. Bu birlik və daha sıx inteqrasiyaya təkan verilməsi günün tələbidir.

 

Bu prosesdə hazırda aparıcı rol oynayan Azərbaycanın mövqeyinə siyasi qiymət verən  Prezident İlham Əliyevin qeyd etmişdir ki,  “Azərbaycan həmişə türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə böyük səylər göstərib. Bu gün türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir”. 

Türk Dövlətləri Təşkilatının gələcəyi barədə danışarkən “XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır” anonsunu verən dövlətimizin başçısı açıq və birmənalı şəkildə bəyan etdi: “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir...”

Cənab İlham Əliyevin ortaya qoyduğu bu mövqe və praqmatik təşəbbüslər bütün türk dünyası üçün “yol xəritəsi”dir. Hər bir türk dövləti bu yolda öz töhfəsini verməyə hazırdır. Şuşa Zirvəsində imzalanmış “Qarabağ Bəyannaməsi”ni və qəbul edilmiş digər qərarları isə bu istiqamətdə səylərimizi birləşdirmək üçün etibarlı təməl hesab etmək olar. 

Beləliklə, 2021-ci ilin 15 iyununda imzalanmış “Şuşa Bəyannaməsi” Türkiyə ilə Azərbaycanın birliyinin nümayişi idisə, “Qarabağ Bəyannaməsi” bütün türk dünyasının birliyini, həmrəyliyini təmin edəcək. Bu böyük siyasi əhəmiyyətli tarixi addım TDT-nın beynəlxalq nüfuzunu daha da gücləndirəcək  Bir sözlə, Şuşada keçirilən ilk qeyri-rəsmi Türk Zirvəsi Türk Dövlətləri Təşkilatının qlobal güc mərkəzlərindən birinə çevrilməsinə təkan verəcək. Şuşanın özü isə belə mötəbər beynəlxalq toplantıya ev sahibliyi etməklə bu şəhərin türk dünyasına mənsub olduğunu bir daha bəyan etdi.