YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın artan nüfuzu

Saleh Məhərrəmov

YAP Oğuz rayon təşkilatının sədri                                

Azərbaycan dünya ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirməklə beynəlxalq münasibətlər sistemində mövqeyini getdikcə möhkəmləndirir. Bu gün siyasi sabitliyin, iqtisadi inkişafın bərqərar olduğu Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Beynəlxalq müstəvidə ölkəmiz etibarlı tərəfdaş kimi qəbul olunur. Rəsmi Bakı müxtəlif ölkələrlə qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu tərəfdaşlıq münasibətləri formalaşdırmağı bacarıb. İkinci Qarabağ müharibəsində qalib gəlməklə Avrasiyanın strateji əhəmiyyətli bölgələrində yeni reallığın yaranmasına nail olan Bakı qlobal güc mərkəzləri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələdə davam etdirir. Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsindəki keçirdiyi görüşləri bunun bariz nümunəsidir.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) həm ərazisinə, həm də əhalisinin sayına görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin, o cümlədən Rusiya və Çin kimi aparıcı dünya güclərindən sayılan dövlətlərin üzv olduğu nüfuzlu beynəlxalq təsisatdır.

İyulun 3-də Qazaxıstanın paytaxtı Astana şəhərində Təşkilata üzv ölkələrin Zirvə görüşü öz işinə başladı. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri dinamik şəkildə inkişaf edir. Həmçinin ölkəmiz bu təşkilata üzv dövlətlərlə ikitərəfli formatda ən yüksək səviyyədə qurub. Təsadüfi deyil ki, Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin Astanada keçirdiyi görüşlər də dünyanın bir çox nüfuzlu media orqanları tərəfindən geniş işıqlandırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 iyul 2024-cü il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etməsindən və Ermənistanın otuzillik işğalına son qoymasından bəhs edərək, bütün bunların beynəlxalq hüquq və tarixi ədalətin bərpası kimi qiymətləndirilməli olduğunu diqqətə çatdırdı. Azərbaycanın Ermənistanın otuzillik işğalına son qoymaqla BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini icra etdiyini bildirdi.

Prezidenti İlham Əliyev çıxışında Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsinin əhəmiyyətini də vurğulayaraq qeyd etdi ki, “Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib”. Bütün bunlar dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un Azərbaycanda keçirilməsinə hazırlıq işlərinin ən yüksək səviyyədə davam etdirildiyini deməyə əsas verir.

“ŞƏT plyus” formatında keçirilmiş görüşlər dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyətə malikdir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Qeyd edək ki, ŞƏT-ə üzv dövlətlərlə görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edilir, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətinin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək ölkələr arasında münasibətlərin gələcək inkişaf yolları müzakirə olunur. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək fürsəti verir.

Azərbaycanın ŞƏT kimi mötəbər qurumun zirvə görüşünə ikinci dəfə dəvət olunması Prezident İlham Əliyevin şəxsiyyətinə yüksək hörmətin göstəricisi olmaqla yanaşı, ölkəmizin dünya miqyasında təsirinin, o cümlədən Şərqlə Qərb, Şimal və Cənub arasında körpü kimi əsas rolunun əyani təsdiqi hesab edilə bilər.

Bir daha qeyd edək ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan imicinin ifadəsidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan, İran və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı ölkəmizin daha geniş platformalarda söz sahibi olmasına imkan verir. Azərbaycanla ŞƏT arasında əməkdaşlığın inkişafı ölkəmizin təşəbbüslərinin qlobal miqyasda həyata keçirilməsi imkanlarının artırılmasına güclü təsir göstərəcəkdir.