YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: ABŞ-dakı bəzi dairələrin Azərbaycana qarşı fəaliyyətləri ölkələrimizin strateji münasibətlərinin ruhuna ziddir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Evelin Farkasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Evelin Farkas Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb. O, ABŞ-ın terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyi və sülhməramlı əməliyyatlar üzrə strateji maraqlarının Azərbaycanın maraqları ilə üst-üstə düşdüyünü, qeyd olunan sahələrdə iki ölkənin əməkdaşlığının təqdirəlayiq olduğunu bildirib. Əfqanıstan əməliyyatının həyata keçirilməsi üçün Azərbaycanın yaratdığı tranzit imkanlarının və hava məkanından istifadənin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini deyən Evelin Farkas bu töhfələrə görə Azərbaycana təşəkkürünü ifadə edib.

Elmar Məmmədyarov terrorizmə qarşı mübarizədə Azərbaycanın beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəklədiyini diqqətə çatdırıb. O, Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Əfqanıstanda sülh və sabitliyin bərqərar olmasına yardım etdiyini və ölkəmizin sülhməramlı qüvvələrinin Əfqanıstanda uğurla xidmət etdiklərini söyləyib.

Azərbaycan ilə ABŞ arasında əlaqələrə toxunan nazir Birləşmiş Ştatlarda bəzi dairələrin Azərbaycana aid məsələləri ictimai müzakirə obyektinə çevirməsinin və onların Azərbaycana qarşı fəaliyyətlərinin iki ölkə arasında strateji xarakter daşıdığı qeyd olunan münasibətlərin ruhuna uyğun olmadığını deyib. O əlavə edib ki, enerji, terrorizmə qarşı mübarizə, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq siyasi əlaqələri tamamlamalıdır.

Regional məsələlər haqqında danışan Elmar Məmmədyarov ölkəmizin müstəqilliyi, sabitliyi və təhlükəsizliyinin qorunması və uğurlu inkişafının davam etdirilməsinin qarşıda duran ən mühüm vəzifə olduğunu bildirib. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP layihələri haqqında danışan xarici siyasət idarəsinin rəhbəri bu layihələrin regionun nəqliyyat və enerji mənzərəsini dəyişəcəyini vurğulayıb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.