YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaponiyanın “Livedoor News” portalında Heydər Əliyev Mərkəzi haqqında məqalə yayılıb

Yaponiyanın məşhur “Livedoor News” internet portalında Heydər Əliyev Mərkəzi haqqında “Zaha Hadidin Azərbaycanda inşa etdiyi nəhəng bina haqda təəssüratlarım“ adlı məqalə yayılıb.

Məqalənin müəllifi Takuya Suda velosipedlə dünyanı gəzərək müxtəlif ölkələr haqqında reportajlar hazırlaması ilə tanınıb. Gürcüstandan qatar vasitəsilə Azərbaycana yollanan T. Suda ölkəmiz haqqında ümumi məlumat verir. Bildirilir ki, Xəzər dənizinin qərb sahilində yerləşən və karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycanda insanlar türklərə çox bənzəyirlər. Lakin uzun müddət SSRİ-nin tərkibində olduğuna görə burada rus dilində danışanlara da rast gəlirsən. Bu ölkədə də kabab və türk hamamı populyardır. Bakıda mərkəzi dəmir yolu vağzalı öz gözəlliyi ilə diqqəti cəlb edir. Oxucuların diqqətini möhtəşəm “Alov qüllələri” kompleksinə yönəldən müəllif bu tikilinin Xəzər dənizindən daha əzəmətli göründüyünü vurğulayır.

Takuya Suda qeyd edir ki, ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil edən Azərbaycanda yarışların açılış və bağlanış mərasimləri, həmçinin atletika üzrə yarışlar Bakı Olimpiya Stadionunda təşkil edilib.

Azərbaycanın son illər Xəzər dənizindəki yataqlardan hasil etdiyi neftdən böyük mənfəət əldə etdiyi qeyd olunan məqalədə bu gəlirlərin ölkənin sürətli inkişafında mühüm rol oynadığı vurğulanır. Bildirilir ki, burada bir-birinin ardınca möhtəşəm memarlıq nümunələri yaradılır.

T. Suda dünya şöhrətli memar Zaha Hadidin müəllifi olduğu Heydər Əliyev Mərkəzi haqqında yapon oxuculara ətraflı məlumat verir. Öz nadir arxitekturası, möhtəşəmliyi ilə seçilən Mərkəzin həm muzeyə, həm də konsert zalına malik olduğu, burada müxtəlif sərgi salonlarının fəaliyyət göstərdiyi diqqətə çatdırılır. Bildirilir ki, maraqlı quruluşu ilə diqqəti cəlb edən Mərkəz sanki sahilə düşən mərminin yaratdığı təpələri xatırladır və tamaşaçının istər-istəməz heyranlığına səbəb olur. Mərkəzin ətrafının dizaynının da maraqlı tərtib olunduğu diqqətə çatdırılır.

Binanın ağ rənginə diqqəti cəlb edən müəllif onun öz görünüşü ilə təmiz səmada ağ buludu xatırlatdığını bildirir.

Məqalədə Heydər Əliyev Mərkəzinin arxitektura həllinin müasirliyi və funksionallığı ilə seçilməsi ilə yanaşı, dizayn baxımından da möhtəşəm memarlıq nümunəsi olduğu vurğulanır.

Məqaləyə Heydər Əliyev Mərkəzi və Bakının müasir arxitekturasının əks olunduğu çoxsaylı fotolar da əlavə olunub.

 

DİGƏR Xəbərlər Arxiv