YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq Xəzər Neft və Qaz-2014 sərgisində 400-dən artıq şirkət təmsil olunacaqdır

İyunun 3-dən 6-dək Bakı Sərgi Mərkəzində Xəzəryanı regionun energetika sektorunun ən böyük tədbiri sayılan XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz- 2014 (Caspian Oil&Gas) sərgi və konfransı öz işinə başlayacaqdır. Bu münasibətlə iyunun 2-də “JW Marriott Absheron” otelində “İteca Caspian” şirkətinin təşkilatçılığı ilə mətbuat konfransı keçirilmişdir.

Bu il sərgidə dünyanın 29 ölkəsindən 400-dən artıq şirkət iştirak edəcəkdir. Sərgi neft və qazın hasilatı və emalı, eləcə də nəqletmə və logistika da daxil olmaqla, servis xidmətləri sahəsində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün neft sənayesinin aparıcı mütəxəssislərini və liderlərini bir araya gətirir.
Mətbuat konfransında “ITE Group Plc” şirkətinin icraçı direktoru Edvard Stroon, “İteca Caspian” şirkətinin sərgi meneceri Tofiq Kərimov və “İteca Caspian” şirkətinin konfrans meneceri Nigar Muradxanlı sərgi və konfrans haqqında ətraflı məlumat vermişlər.

Bildirilmişdir ki, sərgi sahəsinin 70 faizindən çoxu dünyanın məşhur şirkətləri tərəfindən tutulmuşdur. Onların arasında “Əsrin müqaviləsi”ndə yer alan şirkətlərlə yanaşı, sərgi və konfransın daimi iştirakçıları da vardır. Bunlar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), “bp”, “Statoil”, “TPAO”, “Lukoil” və digər böyük şirkətlərdilər. ARDNŞ-in baş sponsor qismində çıxış etdiyi sərgidə bu il Böyük Britaniya, Almaniya, İtaliya, Çin, Rusiya, ABŞ və Fransadan 8 milli qrup iştirak edəcəkdir. Ümumilikdə isə iştirakçıların 21 faizini təşkil edən və əvvəllər heç vaxt Azərbaycan bazarına çıxmayan yeni şirkətlərin də sərgidə iştirakı ona marağın artdığını bir daha təsdiqləyir.

Sərgi çərçivəsində “bp” şirkətinin və onun “Azəri-Çıraq-Günəşli” (AÇG), “Bakı-Tbilisi-Ceyhan” (BTC), “Şahdəniz” (ŞD) və “Cənubi Qafqaz boru kəməri” (CQBK) layihələri üzrə tərəfdaşlarının təşəbbüsü ilə “Alıcı ilə tanış olun!” şüarı altında tədbir keçiriləcəkdir. İkinci dəfə keçirilən bu tədbirdə istismar təminatı, mühəndis-texniki işlər, inşaat, maddi-texniki təchizat, tullantıların toplanması və utilləşdirilməsinin idarə olunması, müxtəlif işgüzar xidmətlərin göstərilməsi üzrə ixtisaslaşan yerli şirkətlər iştirak edəcəklər.

İşgüzar proqramın mühüm tərkib hissələrindən biri də Beynəlxalq Xəzər Neft və Qaz-2014 konfransıdır. Konfrans iyunun 4-5-də “JW Marriott Absheron Baku” otelində təşkil olunacaqdır. Hər il keçirilən bu konfransda dünyanın 30-dan çox ölkəsindən 500-dək nümayəndə iştirak edəcəkdir. Builki konfransda dövlət strukturlarını təmsil edən 50-dən çox nümayəndənin, eləcə də müxtəlif dünya ölkələrindən neft-qaz sahəsi üzrə tanınmış ekspertlərin və iri neft-qaz şirkətləri rəhbərlərinin çıxışları gözlənilir.

Dördgünlük sərginin proqramı zəngindir. Belə ki, sərgi çərçivəsində neft-qaz sənayesi nümayəndələrinin geniş auditoriyası üçün aktual seminarlar və şirkətlərin təqdimatları təşkil olunacaqdır. Bakı Sərgi Mərkəzində “Intertech Corporation” şirkətinin “Neft sənayesi və ətraf mühit üzrə müasir analitik avadanlıqlar” mövzusunda seminarı və “Youth inc.” şirkətinin əməkdaşları üçün master-klass keçiriləcəkdir.

Qeyd edilmişdir ki, Xəzər Neft və Qaz sərgisinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən daimi dəstək göstərilir. Sərginin təşkilatçıları qismində “ITE Group” və onun tərəfdaşı - “Iteca Caspian” şirkətləri çıxış edirlər. Layihə üzərində işlərə “ITE Group Plc” şirkətinin tərəfdaşları - “ITE London”, “ITE LLC Moscow” (Rusiya), “EUF” (Тürkiyə), “GIMA” (Almaniya), “ITE China” (ÇXR) və “ITE Gulf” (BƏƏ) şirkətləri cəlb olunmuşlar.

Artıq 9 ildir ki, sərgi “UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən təqdir olunur.