YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İndoneziya Azərbaycanın neft emalı və kəşfiyyat işlərindəki böyük təcrübəsindən bəhrələnmək niyyətindədir

Azərbaycanın energetika naziri Natiq Əliyev İndoneziyanın Energetika və Mineral Ehtiyatlar Nazirliyinin neft və qaz üzrə baş direktoru Qusti Nyoman Viratmaca Pucanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə N.Əliyev Azərbaycanla İndoneziya arasındakı münasibətlərin inkişafından, belə görüşlərin əməkdaşlıq əlaqələrinin dərinləşməsindəki rolundan bəhs edib.

1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən danışan nazir bildirib ki, Azərbaycanın yeni mərhələdə enerji məsələləri ilə bağlı üzərinə götürdüyü missiya ölkəmizi neft-qaz hasilatçısı, ixracatçısı kimi ənənəvi çərçivələrdən kənara çıxartmaqla yanaşı, bütün dünyaya energetika sahəsində həm də zəngin təcrübəyə, peşəkar imkanlara malik etibarlı tərəfdaş kimi təqdim edir. Neft emalı sahəsində zəngin təcrübə toplamış Azərbaycan üçün İndoneziya ilə enerji sahəsində əməkdaşlıq geniş perspektivlərə malikdir.

İndoneziyanın Energetika və Mineral Ehtiyatlar Nazirliyinin neft və qaz üzrə baş direktoru Qusti Nyoman Viratmaca Puca da öz növbəsində Azərbaycanın neft emalı, kəşfiyyat işlərində böyük təcrübəsindən bəhrələnmək niyyətlərini ifadə edib. O, ölkəsinin gələn ay “Enerji Forumu”nun keçirilməsi təklifi barədə məlumat verərək, deyib ki, bu tədbir ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə, iş adamlarının yeni imkanlarla tanışlığına töhfə verəcək.

Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə İndoneziyanın “Pertamina” dövlət neft şirkəti arasında uğurlu əməkdaşlıq münasibətlərinə də diqqət yönəlib. 2014-cü ildə Azərbaycanın İndoneziya ilə ticarət dövriyyəsinin həcminin 2045,07 milyon, o cümlədən idxalın həcminin 32,75 milyon, ixracın həcminin 2012,32 milyon ABŞ dolları təşkil etdiyi, xarici ticarət saldosunun müsbət 1979,57 milyon ABŞ dolları olduğu diqqətə çatdırılıb. 2015-ci ilin yanvar-mart aylarında İndoneziyanın Azərbaycanın xarici ticarət dövriyyəsindəki payının 2,95 faiz, o cümlədən idxalda 0,42 faiz, ixracda 4,76 faiz təşkil etdiyi bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.