YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ann-Mari Lizin: Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi nə konstruktiv, nə də haqlı mahiyyət daşıyır

Belçika Senatının fəxri spikeri Ann-Mari Lizin Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə ilə əlaqədar bu qurumun sədri Martin Şultsa etiraz məktubu ünvanlayıb. Bu barədə QHT-lərə Dövlət Dəstəyi Şurasından AZƏRTAC-a məlumat verilib.

Məktubda deyilir: Sizinlə həm Azərbaycanda qadınlarla bağlı həyata keçirdiyim fəaliyyət haqqında təəssüratlarımı (uzun illərdir qadın hüquqları sahəsində çalışıram), həm də Avropa Parlamentinin sonuncu qətnaməsi ilə bağlı dərin təəssüfümü bölüşmək istərdim.

Bir qrup azərbaycanlı qadın ilə birlikdə Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qətnaməni oxudum. Tərəfdaşlar arasında mövcud olan problemlərin və məsələlərin aradan qaldırılmasının müxtəlif yolları mövcuddur. Təəssüf ki, bu qətnamə nə konstruktiv, nə də haqlı mahiyyət daşıyır. Avropa İttifaqının Şərq qonşuluğunda çoxsaylı problemlər mövcuddur və bu cür yanlış qərarlar Avropa İttifaqının regiondakı gücünü azaldır.

Əgər biz müsbət bir nəticənin əldə olunmasını istəyiriksə Azərbaycanla əlaqə vasitələrimizi açıq saxlamalıyıq. Azərbaycan və digər Şərq tərəfdaşlarımız ilə daha yaxşı dialoqa ehtiyacımız var. Azərbaycanda qadın qrupları arasında dostlarımın hakimiyyətlə heç bir əlaqəsi yoxdur, onlar qadın hüquqlarının inkişafı üçün böyük işlər görürlər. Lakin gördüyüm qədəri ilə Avropa Parlamentinin qətnaməsi Aİ və Azərbaycan arasında münasibətlərə mənfi təsir göstərib. Bu fakt bir çoxlarını, o cümlədən Avropa İttifaqı ilə daha yaxın əməkdaşlığı dəstəkləyənləri məyus edib. Bu cür cəhdlər heç bir müsbət nəticə verməyəcək. Avropa Parlamenti Azərbaycanla daha yaxından dialoq qurmalıdır və əgər biz konkret nəticələr görmək istəyiriksə bu proses konstruktiv şəkildə baş verməlidir.

Hörmətli Martin, Siz sədr olaraq dialoqun bərpası üçün düzgün təkan verə biləcək yeganə şəxssiniz. Avropa dairələri tərəfindən heç vaxt tənqid olunmayan Ermənistan nümunəsi olduğu üçün Azərbaycan özünü ikili standartların qurbanı hiss edir. Niyə biz Ermənistandakı məsələləri heç vaxt gündəmə gətirmirik, əvəzində diqqət mərkəzində yalnız Azərbaycan olur? Bir çox azərbaycanlı bu ikili standartı görür və bu, öz növbəsində, Avropa İttifaqının regiondakı səylərinin mümkün müsbət təsirlərini azaldır.

Çox ümid edirəm ki, siz sədr kimi Azərbaycanla dialoqun yenidən qurulması və məsələlərin konstruktiv şəkildə müzakirəsinə yönəlmiş addımların atılması üçün Avropa Parlamentindəki dairələrə təsir göstərəcəksiniz.