YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Dərman preparatlarının keyfiyyətli olması ən vacib məsələdir

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının, Tarif Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin edilməsi tapşırılıb. Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 3 iyun 2015-ci il tarixli qərarla "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası" təsdiq edilib. Bu gün dərman bazarında olan durum, qiymətlərinin tənzimlənməsi və keyfiyyəti əhalinin çox böyük marağına səbəb olub.

Məsələnin aktuallığını nəzərə alaraq Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov sentyabrın 22-də paytaxtda yerləşən bir sıra apteklərdə əhaliyə göstərilən xidmətlərin vəziyyəti ilə maraqlanıb. “Zeytun” aptekinə gələn Əli Əhmədov burada dərman preparatlarının qiyməti və keyfiyyəti ilə tanış olub, aptek işçilərinin problemləri ilə maraqlanıb və onlara öz tövsiyələrini verib. Söhbət zamanı əczaçılar dərman vasitələrinin satışının yeni qayda ilə həyata keçirildiyini, dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı qərarı alqışladıqlarını bildiriblər.

Jurnalistlərə müsahibə verən Baş nazirin müavini deyib ki, sentyabrın 15-dən etibarən Tarif Şurası tərəfindən təsdiq edilmiş 25 təsiredici maddə üzrə 1057 adda dərman vasitəsinin yeni qiymətləri qüvvəyə minib. Artıq ölkənin bütün apteklərində həmin dərman vasitələrinin eyni qiymətə satışı həyata keçirilir. Satışına icazə verilən digər dərmanların qiymətləri isə yaxın vaxtlarda müəyyənləşəcək. Bu addımın atılması heç də təsadüfi deyil. Son vaxtlaradək Azərbaycanın dərman bazarında dərman satışında vahid qiymətin olmaması əsas problemlərdən biri idi. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində dərmanların qiymətləri ilə bağlı iradlarından sonra bu istiqamətdə müvafiq tədbirlər görülməyə başlanılıb. Məqsəd əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsinə nail olmaq, dərmanların baha qiymətə satılmasının qarşısını almaqla vətəndaşların büdcəsinə müsbət təsir göstərməkdir.

Əli Əhmədov qeyd edib ki, bu praktika dünyanın əksər ölkələrində tətbiq olunub. Qarşıda duran daha vacib məsələ dərman vasitələrinin keyfiyyətinə nəzarəti gücləndirməkdir. Dərmanların keyfiyyətli olması ən vacib məsələdir. Bu funksiyanı Səhiyyə Nazirliyinin nəzdində yaradılmış qurum həyata keçirir. Söz yox ki, bu qurum öz fəaliyyətini daha da gücləndirəcək. Burada yaradılan şərait onu göstərir ki, Azərbaycanın dərman bazarı ciddi şəkildə nizam-intizama cəlb olunur. Bu, ondan xəbər verir ki, atılan addım doğrudur və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir.

Dərman qıtlığına toxunan Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda lazımi dərman ehtiyatı var və bu, daim idarə olunan bir prosesdir. Səhiyyə Nazirliyi bu istiqamətdə qabaqlayıcı tədbirlər görür. Ola bilsin ki, dərmanların qiymətlərinin tənzimlənməsi ilə əlaqədar qısa vaxtda problemlər ortaya çıxsın, amma gələcəkdə onlar tamamilə aradan qaldırılacaq. Ölkədə dərman qıtlığı olmayacaq. Dünyada çoxlu dərman növləri var. Apteklərimizdə bir adda dərmanın tapılmaması o tərkibdə dərmanın olmaması anlamına gəlmir.

“Ölkəyə idxal olunan bütün bahalı və ucuz dərmanların üzərində Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlər olacaq. Məqsədimiz Azərbaycana bahalı dərmanların idxal olunmasının qarşısını almaq deyil. Söhbət ondan gedir ki, gətirilən dərmanların üzərinə daha yüksək qiymətlər qoyulmasın”,- deyə Əli Əhmədov bildirib.