YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Vatikan Apostol Kitabxanası ilə tanış olmuşdur

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 2-də Vatikan Apostol Kitabxanası ilə tanış olmuşdur.

Vatikan Apostol Kitabxanasının direktoru Jan Lui Bruqes məlumat verərək bildirmişdir ki, dünyada tanınan ən qədim kitabxanalardan olan Vatikan Apostol Kitabxanasının əsası 1475-ci ildə qoyulmuşdur. Burada tarixin müxtəlif dövrlərinə aid 1 milyondan artıq kitab saxlanılır. 2007-ci ilin iyulunda bağlanan kitabxana 2010-cu ilin sentyabrında yenidən ziyarətçilər üçün açıq elan olunmuşdur. 2014-cü ilin martından kitabxanada olan 3 mindən artıq nüsxənin rəqəmsallaşdırılmasına başlanılmışdır. Bu prosesin dörd il ərzində həyata keçirilməsi nəzərdə tutulur.

Mehriban Əliyevaya kitabxananın fəaliyyəti və texniki imkanları, Heydər Əliyev Fondu ilə birgə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilmişdir. Diqqətə çatdırılmışdır ki, kitabxanada mövcud olan bir çox əlyazmalar, o cümlədən Azərbaycana və regiona aid müxtəlif əlyazmalar Fondun dəstəyi ilə bərpa olunmaqdadır. Birinci mərhələdə 48, ikinci mərhələdə 16 əlyazma bərpa olunur. Üçüncü mərhələdə isə 11 əsərin bərpası həyata keçiriləcəkdir.
Azərbaycanın birinci xanımına 50-yə yaxın qədim əlyazmanın bərpa olunmuş variantları təqdim edildi.

Kitabxananın tərkib hissəsi olan Vatikan Məxfi Arxivi XVII əsrin əvvəllərində kitabxanadan ayrılaraq, müstəqil bir qurum kimi fəaliyyət göstərməyə başlamışdır. Arxivdə 150 min nüsxə mövcuddur. 2012-ci ildə Vatikanın Məxfi Arxivində saxlanılan Azərbaycana aid sənədlərin surəti ölkəmizə təqdim olunmuşdur. Respublikamıza gətirilən sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Roma papalarına yazdıqları və onlara göndərilmiş cavab məktublarından, müxtəlif missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatlarından ibarətdir. Ümumilikdə, Vatikanın Apostol Kitabxanasında Azərbaycana aid 60 qədim əlyazma aşkar olunmuşdur. Bu sənədlər IX əsrdən XVIII əsrədək olan dövrü əhatə edən çox nadir əlyazmalardır. Onların arasında Nizaminin, Füzulinin, Nəsiminin və digər dünya şöhrətli Azərbaycan şair və mütəfəkkirlərinin nadir əlyazmaları, eləcə də indiyədək ölkəmizdə məlum olmayan bir çox orta əsr alimlərinin elmin müxtəlif sahələrinə aid qiymətli əsərləri vardır.

Azərbaycanın birinci xanımı Xəzər dənizi regionu və Orta Şərq bölgəsini əhatə edən xəritələrə də baxdı. Bildirildi ki, bu xəritələr kitabxananın qiymətli nümunələri sırasındadır.

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Vatikan Apostol Kitabxanasının direktoru Jan Lui Bruqes “2015-2016-cı illərdə yeni əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılması”na dair yeni müqavilə imzaladılar.

Vatikan Apostol Kitabxanasının direktoru Jan Lui Bruqes bu təşəbbüsə görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirdi və gələcəkdə əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu söylədi.

Heydər Əliyev Fondunun qədim əlyazmaların bərpası işinə məmnunluqla dəstək verdiyini qeyd edən Azərbaycanın birinci xanımı qədim əlyazmaların ümumbəşəri dəyərlər olduğunu vurğuladı.

Sonda qarşılıqlı hədiyyələr təqdim edildi.