YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Komissiyası oktyabrın 1-də Türkiyə ilə “Cənub” qaz dəhlizi və TANAP layihələrini müzakirə edəcək

Avropa Komissiyası oktyabrın 1-də Türkiyə ilə “Cənub” qaz dəhlizi və Trans-Anadolu qaz boru kəməri – TANAP layihələrini müzakirə edəcək.

Bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç məlumat verib. O qeyd edib ki, Avropa üçün strateji əhəmiyyətə malik olan “Cənub” qaz dəhlizinin TANAP layihəsinə birləşdirilməsi üçün oktyabrın 1-də Türkiyə ilə yenidən müzakirələr aparılacaq.

“Cənub” qaz dəhlizinin bir hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) təməlinin qoyulması mərasimində iştirak etdiyini xatırladan M.Şevçoviç TANAP-ın həyata keçirilməsində aktiv rol oynamağa hazır olduqlarını deyib.

Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın uzunluğu təxminən 1850 kilometrdir. TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.