YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Roma katakombaları ilə tanış olmuşdur

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 2-də Vatikanda Müqəddəs Yelena adına mavzoley və Fondun dəstəyi ilə bərpa edilən Roma katakombaları ilə tanış olmuşdur.

Azərbaycanın birinci xanımına məlumat verildi ki, mavzoleyi imperator Konstantin anası imperatriçə Yelenanın şərəfinə inşa etdirmişdir. Burada çoxlu maraqlı eksponatlar sərgilənir. Mavzoleydəki katakombalarda aparılan qazıntılar zamanı o dövrə, eləcə də müqəddəs Yelenaya aid qədim əşyalar tapılmışdır və onlar indi də qorunub saxlanır. Buradakı əsərlər tarixi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Roma katakombaları ilə tanış olan Mehriban Əliyevaya bildirildi ki, qədim xristian abidələri sırasında tarixi və memarlıq baxımından xüsusi yer tutan Müqəddəs Marçellinio və Pietro katakombaları hələ ki, tam tədqiq edilməmişdir. Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında məhz bu katakombalar xristian aləmi üçün ən mühüm abidələrdən hesab edilir. Aparılan bərpa işləri Roma bədii irsinin ən gözəl nümunələri olan katakombaların əhəmiyyətini daha da artırır. Bu layihənin icrası xristian aləminin müqəddəs abidələrinə müsəlman dünyasının töhfəsi kimi də qiymətləndirilir. Belə ki, müsəlman ölkəsində fəaliyyət göstərən Heydər Əliyev Fondunun xristian aləminin incəsənəti və mənəvi dəyərlərinə verdiyi bu töhfə Roma tarixində ilk hadisədir və bu da ölkəmizin dinlər və mədəniyyətlər arasında oynadığı tarixi roldan qaynaqlanır.

Xatırladaq ki, Müqəddəs Roma katakombalarının bərpası Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci ildə imzalanmış ikitərəfli sazişə əsasən həyata keçirilir. İtaliya mətbuatı və ictimaiyyəti tərəfindən Fondun bu addımı dinlər və mədəniyyətlərarası dialoqun inkişafına verilən ən önəmli töhfələrdən biri kimi qiymətləndirilir.