YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pensiya islahatlarının aktuar qiymətləndirilməsinə dair təqdimat keçirilib

“Hyatt Regency” otelində Dövlət Sosial Müdafiə Fondu və Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının pensiya təminatı sistemində islahatların aktuar qiymətləndirilməsi” mövzusunda təqdimat keçirilib. Tədbirdə beynəlxalq təşkilatların, Azərbaycan Respublikasının dövlət orqanlarının və digər qurumların nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev açılış nitqi ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurla icrası nəticəsində iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini təmin etməkdədir. Ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin inkişafı nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub.

Bu nailiyyətlərdən birincisi, ölkənin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsinin təmin edilməsidir. Azərbaycanın müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulmuşdur ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir. Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir. Ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına 2003-2015-ci illər ərzində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 9 dəfədən çox artıb. Bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlmiş, 2003-cü ildə 3,9% təşkil etdiyi halda, 2015-ci ildə 5,1%-ə çatmışdır.

Sığorta-pensiya islahatları ilə əldə olunmuş ikinci əsas nailiyyət dünya ölkələri hökumətlərinin gündəliyində olan çox mühüm bir problemin - qlobal yaşlanma fonunda dəyişən demoqrafik tendensiyaların pensiya sisteminə təsirinin uğurla tənzimlənməsidir. Ölkəmizdə qurulmuş müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə bir tərəfdən əmək fəaliyyəti göstərən 3 milyondan çox şəxsin fərdi uçot əsasında bilavasitə öz gələcək pensiya təminatının iştirakçısına çevrilməsi, digər tərəfdən isə sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, pensiya hüququ üzrə yaş və staja olan tələbin tənzimlənməsinə dair vaxtında qəbul edilmiş düzgün preventiv qərarlar sistemin maliyyə dayanıqlığı və islahatların davamı üçün əlverişli şəraiti təmin etmişdir.

Üçüncüsü və ən əsası isə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə pensiya islahatlarının eyni vaxtda aparılması siyasətinin nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunması və onların yoxsulluq probleminin əsaslı şəkildə öz həllini tapmasıdır. Ölkədə yoxsulluq probleminin aradan qaldırılmasının mühüm vasitələrindən biri kimi pensiyaların davamlı artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi ardıcıl qərarların nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. 2003-2015-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artıb. Eyni dövrdə yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılmışdır ki, bu da beynəlxalq standartlara uyğundur.

E.Mehdiyev vurğulayıb ki, “Bu gün əksər ölkələrin pensiya sistemlərində maliyyə dayanıqlığının təmin edilməsi və sosial proqramların icrası baxımından ciddi gərginliklər müşahidə olunmaqdadır. Azərbaycanda isə vaxtında qəbul edilmiş qərarlar və reallaşdırılmış qabaqlayıcı tədbirlər sayəsində ölkəmizin pensiya sisteminin maliyyə dayanıqlığı təmin edilib.”

Qeyd olunub ki, bütün bunlarla yanaşı, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir.

Bu sahədə mühüm vəzifələrin icrasını hədəfləyən və növbəti mərhələdə pensiya islahatının prioritet istiqamətlərini müəyyən edən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın əhəmiyyətindən söz açan Fond sədri vurğulayıb ki, islahatlar çərçivəsində müəyyən olunan əsas vəzifələrdən biri də pensiya təminatı sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsidir.

Pensiya sistemlərinin beynəlxalq inkişaf tendensiyalarına əsasən, bu sahədə iki strateji vəzifənin həllinin hədəfləndiyini vurğulayan E.Mehdiyev deyib ki, bunlardan birincisi sistemin uzunmüddətli maliyyə dayanıqlığının, digəri isə pensiyaçıların adekvat gəlir əldə edə bilməsinin təmin olunmasıdır. Qlobal çağırışlar fonunda pensiya sistemləri sürətlə dəyişən kənar amillərə çevik adaptasiya imkanına malik olmalıdır. Bu konteksdə, aktuar tədqiqatlar qeyd edilən dəyişikliklərin pensiya sistemlərinə təsirinin qiymətləndirilməsində, sistemin uzunmüddətli maliyyyə dayanıqlığının təmin edilməsi və etibarlı qorunması üçün zəruri islahat istiqamətlərinin müəyyən edilməsində mühüm rola malikdir.

Aktuar tədqiqatlara əsaslanan proqnozlaşdırma ilə bağlı müəyyən edilmiş vəzifənin icrası məqsədilə Fond tərəfindən müxtəlif strateji istiqamətlər üzrə kompleks tədbirlərin həyata keçirildiyini söyləyən E.Mehdiyev ölkədə mövcud pensiya sisteminə adaptasiya olunacaq aktuar modellərin müəyyənləşdirilməsi və tətbiqinin ortamüddətli perspektivdə Fondun əsas strateji hədəfi olduğunu qeyd edib. Ötən dövrdə Dövlət Sosial Müdafiə Fondu və Dünya Bankı arasında bu məsələ ilə bağlı geniş əməkdaşlıq edilib, qurumun mütəxəssisləri tərəfindən PROST modeli vasitəsilə müxtəlif pensiya sxemləri seçimlərinin simulyasiyaları əsasında ölkəmizin pensiya sisteminin mümkün inkişaf istiqamətlərinin proqnozlaşdırılması aparılıb.

Fond sədri aparılmış aktuar qiymətləndirilmələr, təhlil və araşdırmalar, habelə beynəlxalq inkişaf tendensiyaları və pensiya təminatının daim yenilənən müasir tələbləri, inkişaf etmiş ölkələrin təcrübəsi əsasında Azərbaycanın pensiya təminatı sisteminin uzunmüddətli maliyyə dayanıqlığına və pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq üçün tövsiyə edilən islahatlar barədə ətraflı məlumat verib.

E.Mehdiyev ölkəmizin pensiya təminatı sisteminin gələcək inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərin reallaşdırılması baxımından zəruri islahat tədbirləri sırasında mühüm əhəmiyyəti ön plana çəkilən üç başlıca istiqaməti təqdimat iştirakçılarının diqqətinə çatdırıb.

Bunlardan birincisi pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsini nəzərdə tutur və toplanan pensiya öhdəlikləri ilə yığılan maliyyə vəsaitlərinin balanslaşdırılmış tarazlığının təmin edilməsi, sistem iştirakçılarına münasibətdə ödənilən sosial sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının gözlənilməsini təmin edən islahat tədbirləri ilə bağlıdır. Hazırda ödənilən cəmi sığorta haqqının yarısının fərdi hesablarda qeydiyyata alınması bu islahat tədbirini yüksək əməkhaqqından sosial sığorta haqları ödəyən şəxslərə münasibətdə daha aktual edir. Qeyd edilən halların aradan qaldırılması məqsədilə pensiya kapitalının formalaşmasında ödənilən sosial sığorta haqlarının tam məbləğdə nəzərə alınması kimi məsələlərə baxılması tövsiyə olunur ki, bu sosial sığorta ödəyicilərinə daha yüksək məbləğdə pensiya təyin olunmasına təminat verir.

İslahatların ikinci vacib istiqaməti dövlətin öhdəlikləri ilə pensiya sisteminin öhdəliklərinin maliyyə mənbələrinin fərqləndirilməsini əhatə edir. Belə ki, hazırda pensiya sistemində bir sıra ödənişlərin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması pensiya sisteminin əlavə maliyyə öhdəliklərinin yaranmasına səbəb olmuşdur. Pensiya sistemi üzərində sığorta prinsiplərinə əsaslanmayan qeyd olunan  dövlət öhdəliklərinin maliyyələşdirilməsinə hər il büdcə transfertlərindən əlavə olaraq  sosial sığorta vəsaitləri də yönəldilir. Göstərilənlə əlaqədar, sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi və bu sahədə səmərəliliyin  artırılması məqsədilə bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi zərurətə çevrilmişdir. Bu tədbirin reallaşdırılması ilə sığorta-pensiya sisteminin əlavə sərbəst vəsaitlərə malik olması və bunun pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsi hədəflənir.

Könüllü sosial sığortanın tətbiqi əsasında məcburi dövlət sosial sığortasından əlavə təminata imkan verən mexanizmlərin formalaşdırılması islahatların üçüncü vacib istiqamətini təşkil edir. Qeyd edilən islahat tədbiri əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsini, bununla da vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanların yaradılmasını nəzərdə tutur. Diqqətə çatdırılıb ki, könüllü sosial sığortanın tətbiqi mürəkkəb mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən asılıdır və beynəlxalq təcrübə öyrənilməklə konseptual araşdırmaların aparılmasını zəruri etmişdir. Bu sahədə qəbul ediləcək qanunvericilikdə könüllü sosial sığorta haqlarının toplanması mexanizmləri, vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotunun aparılması, idarəedici şirkətlərə olan tələblər, investisiya qaydaları, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu institutlarda öhdəliklərin yerinə yetirilməsi üçün adekvat və səmərəli təminat mexanizmlərinin formalaşdırılması və effektiv idarəetmə sisteminin tətbiqi, qeyri-dövlət pensiyalarının təyinatı, ödənilməsi, bu sahədə dövlət tənzimlənməsi və nəzarətinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapmalıdır. Bundan əlavə, könüllü sığortalanmanın stimullaşdırılması üçün bir sıra əlavə mexanizmlər tətbiq edilməlidir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunda reallaşdırılan layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən ölkəmizdə könüllü sosial sığortalanmanın tətbiqi sahəsində mütərəqqi dünya təcrübəsi əsasında hazırlanan normativ hüquqi bazanın növbəti ayda ictimaiyyətin müzakirəsinə təqdim olunması nəzərdə tutulub.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko Azərbaycanın pensiya sistemində görülən işləri yüksək dəyərləndirərək, bu sahədə reallaşdırılan əsaslı islahatların mühüm önəmindən bəhs edib. Ölkəmizin pensiya sisteminin gələcək inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərin mütərəqqi dünya praktikasına uyğunluğu qeyd edilərək, bu istiqamətdə kompleks islahat tədbirlərinin aktuar qiymətləndirmələrin nəticələrinə əsaslanmasının vacibliyi vurğulanıb. Təmsil etdiyi qurum ilə Dövlət Sosial Müdafiə Fondu arasında uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edən xanım Leşçenko bütün vacib istiqamətlər üzrə, xüsusilə pensiya sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması sahəsində əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildirib.

Sonra nümayiş etdirilən təqdimatda Dünya Bankının baş iqtisadçı – eksperti Zoran Anuşik tədbir iştirakçılarını Azərbaycanın pensiya təminatı sistemində islahatların aktuar qiymətləndirilməsi ilə bağlı görülmüş işlər və əldə olunan nəticələr barədə ətraflı məlumatlandırıb.

Daha sonra təqdimatla çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Proqnozlaşdırma şöbəsinin müdir müavini Rüfət Oruclu Fond tərəfindən aktuar tədqiqatlar işinin təşkili istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə ətraflı məlumat verib.

Növbəti təqdimatda “Sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna dəstək” layihəsinin rezident müşaviri Agrita Groza könüllü sosial sığortalanma sahəsində aktuar təhlillərə əsaslanan mexanizmlərin tətbiqindən bəhs edib.

Sonda Fondun Fərdi uçotun təşkili şöbəsinin müdiri Nigar Pənahova təqdimatında dövlət sosial sığorta sistemində fərdi uçotun təşkili məsələlərindən danışıb, bu sistemdə olan məlumatların aktuar modelləşdirmə məqsədləri üçün zəruri verilənlər bazasının hazırlanmasında mühüm əhəmiyyətindən bəhs edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.