YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Əlizadə: “Təhlükəsiz iş aylığı”nın keçirilməsində əsas məqsəd istehsalat qəza riski yüksək olan xidmət sahələrində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olunmasıdır

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) ötən ay Azərbaycanda keçirilmiş “Təhlükəsiz iş aylığı”nın yekunlarına dair mətbuat konfransı keçirilib. Tədbirdə Xidmətin rəisi Fuad Əlizadə ölkədə dinamik iqtisadi artım və çoxsaylı yeni iş yerlərinin açılması şəraitində iqtisadiyyatın aparıcı qüvvəsi olan işçi insan amilinə, işçilərin hüquqlarının təminatına, onlar üçün təhlükəsiz əmək şəraitinin yaradılmasına dövlət nəzarətinin də güclənməkdə olduğunu vurğulayıb.

F.Əlizadə cari ilin sentyabr ayında ölkəmizdə növbəti dəfə “Təhlükəsiz iş aylığı”nın keçirilməsində əsas məqsədin istehsalat qəza riski yüksək olan xidmət sahələrində, xüsusən avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olunması və istehsalat qəzalarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi olduğunu vurğulayıb: “Hələ “Təhlükəsiz iş aylığı” başlamazdan əvvəl Xidmət tərəfindən avtomobillərə texniki xidmət və avtoyuma sahəsi üzrə 1000 nəfər işəgötürənə məktubla müraciət edilərək bu barədə onlara məlumat verilib və əməyin mühafizəsi sahəsində qanunvericilikdən irəli gələn vəzifələri onların nəzərinə çatdırılıb, üzərlərinə düşən öhdəliklərin yerinə yetirilməsi onlardan tələb edilib. Aylıq çərçivəsində müvafiq Tədbirlər Planı əsasında ümumilikdə 107 işəgötürəndə dövlət nəzarəti keçirilib. Bu tədbirlər zamanı 83 halda qanun pozuntusu aşkar edilib və 79 inzibati xəta haqqında protokol tərtib edilməklə 79 nəfər sahibkara qarşı ümumilikdə 179.900 manat məbləğində inzibati cərimə tətbiq olunub”.

Xidmət rəisi bildirib ki, ümumiyyətlə, son illər əməyin mühafizəsi tələblərini yerinə yetirməyən müəssisələrlə bağlı qanunvericiliyə uyğun inzibati xarakterli təsirli tədbirlərlə paralel olaraq, işəgötürənlər arasında ardıcıl olaraq təbliğat-maarifləndirmə işləri aparılır. Bundan öncə, hələ ötən ilin sentyabr ayında ölkədə ilk dəfə “Təhlükəsiz iş həftəsi”, bu il yanvarın 26-dan fevralın 5-dək “Təhlükəsiz iş ongünlüyü”, aprel ayında “Təhlükəsiz iş aylığı” elan edilərək keçirilib. Həmin tədbirlər çərçivəsində də iri müəssisələrin işəgötürənləri və əmək kollektivləri ilə görüşlər keçirilib, onların müvafiq mövzuda məlumatlandırılması təmin edilib, onlara təhlükəsiz iş şəraitinin yaradılması ilə bağlı hüquqi-praktik bilgilər verən əyani vəsaitlər paylanılıb.

Bununla yanaşı, ötən ilin noyabr ayından DƏMX tərəfindən ölkəmizdə ilk dəfə olaraq əməyin mühafizəsi üzrə tədris kurslarının təşkilinə başlanılıb. İndiyədək müxtəlif müəssisələrdən əməyin mühafizəsi üzrə 660 nəfərə yaxın mütəxəssis bu kurslara cəlb olunub və onlar bu kurslarda əməyin təhlükəsizliyinin təşkil edilməsi ilə bağlı bilik və təcrübələrə yiyələnib, kursları bitirdikdən sonra müvafiq sertifikatlarla təmin olunublar: “Təbii ki, həm ciddi inzibati tədbirlərin görülməsi, həm də davamlı maarifləndirmə işləri müsbət nəticələrini verir və istehsalatla əlaqəli bədbəxt hadisələrin, bu hadisələrdə zərərçəkənlərin sayı getdikcə azalır. Məsələn, təkcə cari ilin avqust ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz, qeyd olunan hadisələr nəticəsində xəsarət alanların sayı 7,1 faiz azalıb. Ümumilikdə bu ilin 8 ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz, həmin hadisələr nəticəsində xəsarət alanların sayında isə 38,3 faiz azalma qeydə alınıb”.

F.Əlizadə bildirib ki, ötən ay keçirilən “Təhlükəsiz iş aylığı” ölkəmizdə əməyin mühafizəsində müsbət meyllərlə yanaşı, bir sıra müəssisələrdə bu sahədə ciddi hüquq pozuntularının, işçilərin həyat və sağlamlığı üçün təhlükə doğuran əmək şəraitlərinin mövcud olduğunu da göstərib: “Əldə olunan yekunlar qarşıdakı dövrdə iş yerlərində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönələn nəzarət tədbirlərinin daha səmərəli və məqsədyönlü təşkili baxımından da bizim üçün əhəmiyyətlidir”. 

DİGƏR Xəbərlər Arxiv