YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev XXI Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgisi və konfransının iştirakçılarına təbrik məktubu göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XXI Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgisi və konfransının iştirakçılarına təbrik məktubu göndərdi.

XXI Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgisi və konfransının iştirakçılarını açılış münasibətilə salamlayan  Prezident İlham Əliyevin təbrik məktubunda deyilir: “Artıq geniş miqyasda nüfuz qazanan ənənəvi tədbiriniz təşkil olunduğu ilk vaxtlardan etibarən Azərbaycanın neft-qaz sənayesinin başlıca istiqamətlərinin və strateji prinsiplərinin çatdırılması üçün gözəl şərait yaratmışdır. Builki sərgi və konfransın əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən hazırlanıb müvəffəqiyyətlə həyata keçirilən yeni neft strategiyasının təməl daşı “Əsrin müqaviləsi”nin 20-ci ildönümünə təsadüf etməsi əlamətdar hadisə kimi onun əhəmiyyətini daha da artırır.

Dünyanın ən iri şirkətləri ilə 1994-cü ildə imzalanmış sazişlərlə başlayan inkişaf yolu bu gün Azərbaycanı Avrasiyanın enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaşına çevirmişdir. Ötən müddət ərzində ölkəmiz neft siyasətində davamlı və yüksələn xətt üzrə inkişaf nümayiş etdirərək, qlobal transmilli layihələrin istər təşəbbüskarı, istərsə də icraçısı rolunu layiqincə gerçəkləşdirmişdir. “Şahdəniz” layihəsinin işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri respublikamızın mövqeyini və qlobal tərəfdaşlığını möhkəmləndirən uğurlu addımlardır”.

Dövlət başçımızın təbrik məktubunda bildirilir ki, Azərbaycan son illər müxtəlif ölkələrdə neft-qaz sənayesinə irihəcmli investisiyalar yatıraraq dünya enerji bazarındakı nüfuzunu gücləndirməkdədir. Bakıda yeni neft-qaz və neftayırma kompleksinin yaradılması layihəsi də region üçün böyük məna kəsb edir.

Prezident İlham Əliyevin təbrik məktubunda daha sonra deyilir: “ Bu ilin ölkəmizdə “Sənaye İli” elan edilməsi ənənəvi neft sənayesi ilə yanaşı, sənayenin qeyri-neft sahələrinin də inkişafına yeni təkan verəcəkdir. İndi Azərbaycanda neft gəlirləri ilə qeyri-neft sektorunun canlandırılması siyasəti ardıcıl icra olunmaqdadır.

İnanıram ki, sərgi və konfransınız həm qlobal, həm regional səviyyələrdə əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinə zəmin yaradacaq, dünyada neft-qaz sahəsindəki proseslərə töhfəsini verməklə mühüm görüş yeri olduğunu bir daha sübuta yetirəcəkdir. Hamınıza gələcək fəaliyyətinizdə nailiyyətlər, ölkələrinizə sülh və əmin-amanlıq arzulayıram”.