YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayraq Meydanı kompleksi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Göyçaya səfəri çərçivəsində Bayraq Meydanı kompleksində yaradılan şəraitlə tanış olub.

Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırılıb. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə dalğalanır. Hər bir azərbaycanlı dövlət bayrağını özünün iftixar mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Bakıdan sonra ölkənin əksər bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar yaradılır, bununla bağlı xüsusi layihələr həyata keçirilir.

Bildirildi ki, Göyçayda Bayraq Meydanının və Muzeyinin inşasına bu ilin aprelində başlanılıb. Muzeyin qarşısında hündürlüyü 66 metr olan bayraq dirəyi ucaldılıb. Burada dalğalanan bayrağın eni 12, uzunluğu isə 24 metrdir. Meydan dövlət rəmzlərinin təbliği və gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işinin yaxşılaşdırılması məqsədilə inşa olunub. Bayraq Meydanının ərazisində geniş abadlıq-quruculuq işləri görülüb.

Prezident İlham Əliyev Bayraq Muzeyi ilə də tanış oldu.

Diqqətə çatdırıldı ki, muzeydə ölkəmizin tarixində mövcud olmuş dövlətlərin bayraqları, şəhərlərin gerbləri, Azərbaycanın orden və medallarının nümunələri sərgilənir. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət bayrağına bəslədikləri hörmət və ehtiramı özündə əks etdirən tarixi fotolar böyük maraqla qarşılanır. Müasir səviyyədə inşa olunan bu meydan indi rayonun ən gözəl məkanlarından birinə çevrilib.